2020

31 Dekabr 2019 23:55 Köşə 1 787
2020

2019 bizim üçün fərqli başlamadı, amma fərqli bitdi. Hər şey bir göz qırpımında baş verdi deməzdim.

Proses çoxdan başlamışdı, sakitcə gedirdi və görürdüm ki ki, Sportinfo.az-ın yenilənəcəyi gün çox da uzaqda deyil.

Qaldığımız yerdən işə davam etmək üçün bir az təkan, bir az stimul, bir az da inam lazım idi və bu gün deyə bilərəm ki, o gümanları doğrultduq.

Dövlətin idman siyasətinin təbliği bizim üçün bir nömrəli məsələdir. Heç kim və heç nə bu məqsədin önünə keçə bilməz!

Bəzi dairələr haqqımızda yanlış fikirdədir. Sportinfo.az-u daha haralarla əlaqələndirmədilər ki…

Təəssüf, belələri bu gün də var və Sportinfo.az-ın varlığından dərin əndişə duyurlar, saytımızın fəaliyyətini dayandırması, belə deyim də, hər şeyi olduğu kimi ictimaiyyətə çatdırmaq missiyasından geri çəkilməsini istəyir, buna çalışırlar.

Bir ara dedilər ki, Sportinfo.az-ın kollektivi 3 ay içində dağılacaq. O sözü də haqqımızda çıxardılar ki, guya, Sportinfo.az AFFA-nın baş katibi Elxan Məmmədovun əleyhinə kampaniya aparmaq məqsədilə «ixtisaslaşdırılıb».

Hamısı gülməli iddialardır. Əvvəla, sağolsun dövlətimiz və onun başçısı! Ölkə rəhbərliyi səviyyəsində mətbuata kifayət qədər qayğı göstərilir. Cənab Prezident İlham Əliyev son çıxışında bir daha bildirdi ki, KİV onun əsas məlumat mənbələrindən biridir.

Sportinfo.az idman sferasında başverənləri heç kimdən və heç nədən çəkinməyərək işhıqlandıran media orqanıdır. Biz bununla qürur duyuruq və söz veririk ki, dövlətə, dövlətçiliyə bundan sonra da sədaqətlə xidmət edəcəyik!

Qaldı Elxan Məmmədova, qoy, hamı bilsin! Bizim Elxan Məmmədov adlı problemimiz yoxdur və ola bilməz! Futbolumuzun Elxan Məmmədov adlı problemi var və biz özümüzə borc sayırıq ki, olanları ictimailəşdirək.

AFFA-nın başında kimin dayanmasının bizim üçün heç bir fərqi yoxdur. Kim düz işləyəcəksə, futbola xidmət göstərəcəksə, biz onu dəstəkləyəcəyik.

Kim Elxan Məmmədov kimi futbolu şəxsi maraqlarına qurban edəcəksə, min cür fırıldaq işlədəcəksə, onunla mübarizə aparacağıq. Dövlətin futbola qayğısından sui-istifadə eləyənlər önündə Sportinfo.az-ı görəcək.

Sportinfo.az böyük bir ailədir. İdman mediasının tanınmış simalarından bir neçəsi bu gün Srortinfo.az ailəsinin üzvüdür və mən İlkin Xəlilov və Natiq Muxtarlı başda olmaqla, onların hamısına tək-tək minnətdaram. Ki, bu adın ətrafında sıx birləşiblər və onun daha da inkişaı üçün əllərindən gələni edirlər.

2020-ci illə bağlı arzularımız, planlarımız var. Qaldığımız yerdən yolumuza davam edəcəyik. Asan bir iş yoxdur və başa düşürük ki, bizi irəlidə nə(lər) gözləyirik.

Hamısına hazırıq. Çalışacağıq ki, audtoriyamızı daha da genişləndirək, Sportinfo.az oxucularını yenə sevindirək, haqq bildiyimiz həqiqətləri onlara çatdıraq.

Futbol işimizin əsas parçasıdır. Onu önə almamaq olmur. Onsuz olmur. Fəqət digər idman növləri də diqqət istəyir və bəzən o qədər ki… Fikrimiz onları da əhatə dairəmizə daha çox daxil etməkdir.

Qarşıdan Tokio Olimpiadası və Avropa çempionatı gəlir. Ümumiyyətlə, 2020-ci il ölkəmizin idman həyatı üçün zəngin və rəngarəng olmalıdır. Üzərimizə düşən məsuliyyətin fərqindəyik və görmək istədiyimiz işlərlə bu bayrama qatqı verməyə çalışacağıq.

Ümid edirik ki, hər şey yaxşı olacaq. Bayramınız mübarək!

İlkin Vaqifoğlu

Xəbər Lenti