Hardasan, “böyük oyun”?

1 Oktyabr 2022 16:20 Köşə 2 267
Hardasan, “böyük oyun”?

Bu gün turun mərkəzi qarşılaşması, çoxlarının “derbi” bəzəyi yapışdırdığı “Qarabağ” – “Neftçi” qarşılaşması baş tutacaq.

Son illər ölkə çempionatlarının dadı-duzu sayılır bu komandalar arasındakı oyunlar.

Hər iki klubun bütün milli çempionatların iştirakçısı olması, tarixi ilə öyünməsi, azarkeşləri ilə fərqlənməsi və ən əsası, tarixdəki uğurları digər klublardakından fərqlənir deyə, “Qarabağ”la “Neftçi”nin dueli deyəndə ağıllara ad günü süfrəsinin üstündə dadlı, üstü bəzəkli tort gəlir.

Amma nə yazıq ki, illər keçdiklə komandalar arasındakı duellər marağını və prinsipiallığını itirməkdədir.

İnsanların sosial durumunun pisləşməsi, Azərbaycan futbolunun geriyə addımlaması, “Qarabağ”ın çempionatda rəqib tanımaması və ya azarkeşləri Avropadakı uğurlara alışdırması çempionatın “bəzəyi”nə olan marağı xeyli azaldıb.

Səmimi deyin, son günlər, hətta bu günün özündə Azərbaycanın bir nömrəli futbol qarşılaşmasının həyəcanını hansı birinin hiss etdiniz, etməkdəsiniz?

Sanki “Azersun Arena”da sıradan oyun baş tutacaq ab-havası var, deyilmi?

Bir də “Neftçi”ylə “Xəzər Lənkəran” arasındakı “böyük oyunlar”ı yadınıza salın. Stadionlardakı ab-hava ilə komandalar arasındakı rəqabətin üzərinə bir də oyunöncəsi və sonrası baş məşqçilərin atmacalı fikirlərini gələndə adamı vahimə bürüyürdü. Adama elə gəlirdi ki, həmin gün yer-göy titrəyəcək, qeyri-adi nələrdə baş verəcək. Matça 2-3 gün qalmış futbol ictimaiyyətinin yuxusu ərşə çəkilirdi.

O vaxt da problemlər xirtdəyə qədər idi. “Xəzər Lənkəran” hakimlikdən gileylənirdi, bəzən stadionların vəziyyəti ürəkaçan olmurdu, “Neftçi” rəqibini turnir cədvəlində aşkar xal fərqi ilə geridə qoyurdu. Ancaq heç bir halda “böyük oyun” əzəmətini itirmirdi.

Hətta Lənkəran təmsilçisi 2014-2015-ci illərdə tarixinin ən ağır günlərini yaşayanda belə, “böyük oyun” dadını, ləzzətini itirmirdi. Rəqabət olurdu, stadionlar dolurdu, səs-küy, sındırılan oturacaqlar və s.

İndi burnumuzun ucu göynəyir həmin oyunlar, həmin illər üçün. “Qarabağ” hər nə qədər “Neftçi” üçün çətin rəqibə çevrilsə də, prinsipiallıqda “Xəzər Lənkəran”ın yerini tuta bilmir. İçimdən gələn səs bilirsiniz nə deyir?

Hardasan, “böyük oyun”?

HƏBİB

Xəbər Lenti
24 Aprel 16:50 Çək və bizə göndər!
24 Aprel 11:00 Tanıtmaq üçün varıq!
24 Aprel 09:40 "Neftçi" canlı yayımda
24 Aprel 02:40 Çempion oldular
24 Aprel 02:00 Bakıda I modul başladı