"Şamaxı"lı bir gün...

5 Avqust 2022 23:20 Şamaxı 589
"Şamaxı"lı bir gün...

"Şamaxı"da uzun sürən susqunluq yeni loqo və forma təqdimatı ilə pozuldu.

Bu məqsədlə dünən Şamaxıda təşkil olunan mərasimə Bakıdan gedəcək media nümayəndələri üçün xüsusi avtobus ayrılmışdı.

08:30-da paytaxtdan yola çıxan avtobus saat 10:30-da qədim şəhərimiz olan Şamaxıya çatdı. İlk olaraq mənim də sıralarında olduğum media əhli səhər yeməyinə qonaq edildi.

Ardınca proqramda nəzərdə tutulduğu kimi yol aldıq Şamaxı astrofizik rəsədxanasına. Tur çərçivəsində rəsadxananın tarixi və hazırkı fəaliyyəti barədə bələdçi tərəfindən məlumat nitqi oldu.

Rəsədxana ziyarətini başa vurub, komandanın məskunlaşdığı "Şirvan" otelə yollandıq. Ki, səfərin əsas məramı - loqo və formanın təqdimatı ilə bağlı tədbir məhz burada reallaşacaqdı.

Mərasimi giriş sözü ilə açıq elan edən idarə heyətinin yeni rəhbəri Elçin Usub qonaqları salamladıqdan sonra qarşıdakı planlar barədə geniş məlumat verdi.

Ardınca yeni loqo və formaların təqdimatı reallaşdı. Komandanın yeni mövsüm evdə bənövşəyi, səfərdə mavi rəngli formalardan istifadə edəcəyi məlum oldu. Yeni loqoda isə Şamaxının tarixi özəlliklərinə - Şirvanşahlar dövlətinin paytaxtı olması, şərabçılıq və rəsədxana ilə bağlılığın yer alması diqqətə çatdırıldı.

Davamında tədbirin aparıcısı olan tanınmış şərhçi Elnur Məmmədli 5 nəfərdən ibarət yeni idarə heyətini rəsmin elan etdi.

Elçin Usubun sədr olduğu idarə heyətinin mavinləri Emil Sadıqzadə, Ramiz Məmmədov, heyət üzvləri isə Orxan Fikrətoğlu və Seyran Alcanovdur.

Komandanın demək olar gənclərdən təşkil olunan yeni heyəti haqqında da zalda oturanlara məlumat verildi. Sonda rəhbər Elçin Usub və komandanın baş məşqçisi Vuqar Əsgərli media əhlinin suallarını cavablandırmaq üçün mikrafon arxasına keçdilər.

Təxminən bir saatdan artıq zaman alan sual-cavabdan sonra səfərin rəsmi hissəsi Elçin bəyin hər kəsə etdiyi minnətdarlıqla başa çatdı.

Mətbuat xidməti yekunda Bakıdan Şamaxıya gələn media əhlinə klubun atributalarından ibarət hədiyyə verməyi də unutmadı.

Ziyafət süfrəsi ilə səfərə yekun vurulunca təxminən 18:00-da jurnalistlərə ayrılmış xüsusi avtobus Bakıya yan aldı. Ümid edək ki, növbəti səfərlərdə yığılıb qalan qalaq-qalaq problemlərdən yox, bölgə klubunun tutduğu yeni yolun uğurlarından danışacağıq.

XANOĞLAN İMANOV

Digər Xəbərlər
Xəbər Lenti
19 Aprel 16:30 Çək və bizə göndər!
19 Aprel 11:20 GƏLİN və GÖRÜN!
19 Aprel 02:50 Nicat yenə məğlub oldu
19 Aprel 01:00 "Futbol əməliyyatı"