Ötən tur «Qarabağ» üzərində qazandığı qələbə təsadüfi deyildi «Kəpəz»in.
Bu tur «Şamaxı»ya məğlubiyyəti də təsadüfi deyildi «Kəpəz»in.
Komanda dəyişməyib, olduğu yerdədir, həminkidir.
Dəyişən yalnız Azər Bağırovdur. O, arxı keçməmiş «hop» deyənlərdəndir.
Eforiyaya tez qapılır. Bir qələbə qazanırlar, tez də «özündən gedir» Bağırov.
O efir sənin, bu efir mənim… Gəzir el-obanı.
Çox tələsir. Rəqiblər arasında fərq qoyur. Kimi güclü sayırsa, ona qarşı əla hazırlayır komandanı. Kimi zəif sayırsa, nəinki futbolçuları, heç özünü də hazırlamır həmin oyuna.
«Kəpəz»in «Şamaxı»ya yenilməsinin bir nömrəli günahkarı varsa, o da Azər Bağırovdur.
Sən «Qarabağ»ı udmağı bacarmısansa, «Şamaxı»ya uduzmamalısan. Uduzsan da, bu, acizanə şəkildə olmamalıdır, o cür kobud səhvlər etməməlisən.
«Kəpəz» rəhbərliyi baş məşqçi üzərində nəzarəti gücləndirməlidir. Müəyyən qadağalar qoymalıdır ona. Misalçün, bir qələbədən sonra ekranlarda görünməyi yasaqlamalıdır.
Əvvəl «Kəpəz»in Premyer Liqada yerini təmin elə, sonra dolaş da bir-bir kənalları, nə tələs-tələsdir ki…
ELXAN

