“Kəpəz”in baş məşqçisi Azər Bağırov Sportinfo.az-a müsahibə verib.
– Azər müəllim, 4 aylıq fasilədən sonra yenidən “Kəpəz”ə qayıtdınız. Əvvəlki “Kəpəz”lə indiki komanda arasında hansı əsas fərqləri görürsünüz?
– Fasilə uzun olmadı, amma bu müddət ərzində klubda müəyyən struktur dəyişiklikləri aparılıb. Əvvəlki dövrlə müqayisədə indi daha sistemli, planlı iş görmək imkanı var. Komandada intizam, məşqə münasibət və ümumi məsuliyyət hissi artıb. Ən vacibi isə odur ki, klub daxilində vahid məqsəd ətrafında birləşmə var və bu da işimizi xeyli asanlaşdırır.
– Bu dəfəki təyinat zamanı klub rəhbərliyi ilə hansı şərtlər əsasında razılığa gəldiniz? Qarşınızda hansı tapşırıqlar qoyulub?
– Rəhbərliklə görüşlər zamanı məqsədlərimiz üst-üstə düşdü. Qarşıma qoyulan əsas tapşırıq qısa müddətdə komandanı toparlamaq, mövsümün gedişində stabillik və daha döyüşkən komanda yaratmaq. Həmçinin, paralel olaraq Akademiya ilə təmas yaradıb, gələcək üçün sağlam bünövrə formalaşdırmaqdır.
– Yeni rəhbərliyin gəlişindən sonra klubda hansı dəyişikliklər baş verib?
– Klubda idarəetmə baxımından daha aydın mexanizm qurulub. Hər kəs öz məsuliyyətini bilir. İnfrastruktur, akademiya və əsas komanda arasında əlaqələr daha sistemli şəkildə tənzimlənir. Bu da həm məşqçilər korpusuna, həm də futbolçulara daha rahat və peşəkar mühit yaradır. Bundan başqa, oyunçular və məşqçilər heyətinin şəraiti daha da yaxşılaşdırılıb. Eləcə də əmək haqqının və mükafatların vaxtıda verilməsi təmin olunub. Klubun İradə heyəti ilə görüşlərimiz olur. Sədrimiz Adil Vəliyev, İdarə Heyətinin üzvü Fərman Əlizadə ilə mövsümün gedişatı, qarşıdakı hədəflər barədə müzakirələrimiz olub. Fərman müəllim daima klubun yanındadır və gedişatı yaxından izləyir. Biz də bunun qarşılığında daha çox çalışaraq rəhbərliyin bizdən tələbini həyata keçirəcəyik. Onu da əlavə etmək istəyirəm ki, klubun keçmiş sədri Namiq Qədirov da öz dəstəyini əsirgəmir. Bir gəncəli və “Kəpəz” azarkeşi kimi komandaya dəstək olur. Həmçinin, Gəncə Avtomobil Zavodunun rəhbərliyi tərəfindən verilən avtobusu da vurğulamaq istərdim.
– Ümumilikdə Akademiyada yaradılan şərait barədə nə deyə bilərsiniz?
– Akademiya klubun gələcəyidir və bu məsələyə ciddi yanaşılır. Son dövrlərdə yaradılan şərait, uşaqlara göstərilən diqqət və məşq prosesinə verilən önəm sevindiricidir. Məqsəd təkcə futbolçu yetişdirmək yox, eyni zamanda sağlam düşüncəli, intizamlı və peşəkar idmançılar formalaşdırmaqdır.
– Qayıdışınızdan sonra transfer pəncərəsi bağlı idi və yalnız azad agentlər cəlb olundu. Qış transfer dövrü ilə bağlı planlarınız nələrdir?
– Bunadək Rauf Hüseynli və Yusif İmanov kimi oyunçuları dəvət etdim. Qış transfer pəncərəsində isə heyətdəki boşluqları analiz edirik. Veysəl Rzayev transfer olundu. Bundan başqa, bir neçə futbolçu ilə də danışıqlar gedir. Dəvət olunacaq futbolçular komandanın oyun üslubuna uyğun, rəqabəti artıracaq və real fayda verə biləcək oyunçular olmalıdır. Say yox, keyfiyyət əsasdır.
– Transferlərdən söz düşmüşkən. Cefferson Bentunun məsələsinə də aydınlıq gətirməyinizi istərdik.
– Bizim tərəfdən bütün öhdəliklər vaxtında və tam şəkildə yerinə yetirilib. Müqavilə ilə məxsus olduğu klubun da oyunçu qarşısında müəyyən öhdəlikləri var idi və ehtimal ki, həmin öhdəliklər yerinə yetirilməyib. Məhz bu səbəbdən Cefferson hazırda Braziliyada qalır və komandaya qoşulmayıb. Əgər məsələ yaxın vaxtlarda öz həllini tapmasa, klub tərəfindən müvafiq qurumlara rəsmi müraciət olunacaq və məsələ hüquqi müstəvidə davam etdiriləcək.

