Qısa müddətdə pərən-pərən düşən Azərbaycan klubu - FOTO FAKT

21:20 Kəpəz 373
Qısa müddətdə pərən-pərən düşən Azərbaycan klubu - FOTO FAKT

“Kəpəz” mövsümə “Sumqayıt”a qarşı oyunla start verdi.

Adil Şükürovun baş məşqçi kimi komandanı meydana çıxardığı həmin matçda heyətdə 8 əcnəbi futbolçu yer alırdı. Daha ikisi isə ehtiyatda vaxtını gözləyirdi.

0:3 hesablı məğlubiyyətdən vur-tut 5 ay ötür.

Bəs indi həmin komandadan necə əcnəbi qalır?

Gürcüstanlı yarımmüdafiəçi Otar Aptsiauri,

braziliyalı hücumçu Vitor Feijao, polşalı qapıçı Kasper Rosa və portuqaliyalı müdafiəçi Perdo Qomeşlə rəsmi olaraq yollar ayrılıb.

Fil Dişi Sahilindən olan cinah yarımmüdafiəçisi Klesus Donqo isə yol üstündədir.

Bu isə bir komandanın az qala 50%-i deməkdir.

Baş məşqçi Azər Bağırovdan olsa Fofana və Ceffersona da qapını göstərər.

Əlacsızdır, pislərin içindən daha yaxşıları seçmək məcburiyyətindədir.

Çünki yeni legioner gətirmək heç də asan deyil. Bundan sonra ediləcək hər yeni (sayı üçü ötməmək şərtilə) gəlmənin transferi üçün 100 min manat rüsum ödənilməlidir.

Görəsən, yayda heyətin yığılmasında məsuliyyət daşıyanlar bu tablodan utanırmı?

Bir də utanmalı olan şəxslər limitin ləğvinə təşəbbüs göstərməklə yararsız əcnəbilərin ölkəyə axınına qapı açan səlahiyyət sahibləridir.

Yerlilərin 5-10 manat pulunu sayanlar arada əcnəbilər üçün havaya sovrulan milyonlardan da danışsa, müzakirə aparsa yaxşı olar. Əgər ədalət hisləri tam ölməyibsə.

Bu hələ harasıdır, legionerlərin kütləvi gəl-gedi qarşıdadır. Axı hər addımından fəsad yağan yola yeni çıxmışıq…

XANOĞLAN / SPORTİNFO.AZ

Digər Xəbərlər
Xəbər Lenti