Oktyabrda Azər Bağırovu geri qaytaran «Kəpəz»in ötən müddətdə belə zəif oyunu olmamışdı.
Zəif oynadıqları olmuşdu, amma bu qədər yox…
«Kəpəz»in derbiyə pis, çox pis hazırlaşdığı üzə çıxdı.
Deyəsən, Bağırov «Qəbələ» üzərində qələbə qazandıqları ötən oyundan sonra komandasına məşq keçməyə vaxt tapmayıb, hər gün onları yemək-içməyə aparıb, gecə-gündüz əylənmələrinə göz yumub.
İnanmıram ki, klubun başbilənləri ötən turdakı qələbəni görməzdən gəlsin, mükafat verməsin.
Burada hələlik pul problemi yoxdur. Problem varsa da, baş məşqçi və futbolçuların özləriylə bağlıdır.
«Kəpəz» Yevlaxa, sadəcə, səfər etdi, yol ölçdü. Gəncədən bu rayona boş yerə gedib-gəlmək onlara qaldı.
Qərb derbisinə çıxasan, ruhunla, canınla, qanınla vuruşmayasan?
Əşşi, hər şey bir kənara, «Turan Tovuz»un qapısı ağzında 1 təhlükəli vəziyyət yarada bilmədilər. Bu qədər top itkisi, ikili mübarizələrdən qaçmaq olmaz axı.
Maraqlıdır, Azər Bağırov matçdan sonra komandasına nə deyib paltardəyişmə otağında - dişinin dibindən çıxanı, yoxsa..?
«Kəpəz»in turnir cədvəlində mövqeyi narahatdır, autsayderlər qrupundadırlar.
I Liqaya düşmək təhlükəsi ilə üzbəüz qalmasaydılar, deyərdim ki, Yevlaxda qəsdən uduzdular. Bunu fikirləşirəm, amma demirəm…
MUSA

