Bu gün Premyer Liqada növbəti istefa yaşanacaq? – Hər kəs bu oyunu gözləyir

10:40 Kəpəz 236
Bu gün Premyer Liqada növbəti istefa yaşanacaq? – Hər kəs bu oyunu gözləyir

Turun açılış oyunu qərb derbisi ilə başlayacaq.

Düzdür, son illər yaşanan məlum hadisələrdən sonra derbinin quru adı qalıb. Lakin söhbət Gəncə və Tovuz komandalarının duelindən gedirsə, hər bir halda diqqət yetirmək mütləqdir.

“Kəpəz” bu gün nominal meydan sahibi qismində Yevlax şəhər stadionunda “Turan Tovuz”u qəbul edəcək.

Premyer Liqanın ilk dövrəsinə təsadüf edən qarşılaşmada tovuzlular Adil Şükürovun istefa verməsindən sonra komandanı müvəqqəti çalışdıran Xaliq Mərdanovun rəhbərlik etdiyi kollektivi meydana çıxmağa peşman etmişdi – 3:0.

Ötən mövsümkü nəticələrə baxanda da “Turan Tovuz”un aşkar üstünlüyü nəzərə çarpır – 2:1, 3:0, 4:0.

“Kəpəz” son 5 oyunda Tovuzu təmsil edən rəqibi bir dəfə üstələməyi bacarıb ki, ötən mövsümün qış fasiləsindən sonrakı ilk qarşılaşmada qeydə alınan nəticə hər kəsi şoka salmışdı – 5:2.

İndi gəncəlilərin əlinə yaxşı fürsət düşüb. “Turan”ın son 4 qarşılaşmada qələbə qazana bilməməsi, ötən həftə öz meydanında “Sabah”a 1:3 hesabı ilə uduzması “Kəpəz”i daha istəkli olmağa məcbur edir.

Kurban Berdıyev kreslosunun laxladığının fərqindədir. Ayyarımdır azarkeşlərini qələbəylə sevindirə bilməyən komandanın derbidə məğlub olması “Turan”ın 6-cı pilləyə yuvarlanmasına səbəb ola bilər. Bunun üçün “Araz-Naxçıvan” “Şamaxı”nı məğlub etməsidir.

Bir ara liderlik kürsüsündə əyləşən Berdıyevin komandasının oyun və nəticə planında azarkeşlərini məyus etməsi bir gün klubun rəhbəri Ehtiram Quliyevi ciddi addım atmağa məcbur edəcək. İş adamı ciddi maliyyə xərclədiyi komandanı çempionatın sonunda avrokuboklara vəsiqəsiz təsəvvür etmir.

Görsə ki, hər şey buna doğru gedir, Kurban Bekiyeviçə lazım olan sözü deyəcək. Təbii ki, bu məqamda “Kəpəz” – “Turan Tovuz” görüşünün yekun nəticəsi xüsusi önəm daşıyır.

Azərbaycan kubokunda güclü “Araz-Naxçıvan”ı mübarizədən kənarlaşdıran, Yevlax stadionunda keçirdiyi 3 oyunun 2-də qələbəyə sevinən “sarı-göylər” növbəti sürprizə imza atmaq istəyir.

Arzunun nə dərəcədə real olacağını 90 dəqiqənin yekunu göstərəcək.

HƏBİB / SPORTİNFO.AZ

Digər Xəbərlər
Xəbər Lenti