Azərbaycan kubokunda “Araz-Naxçıvan”ı mübarizədən kənarlaşdıran “Kəpəz” eyni uğuru çempionatda əldə edə bilmədi.
Premyer Liqanın 14-cü turu çərçivəsində baş tutan növbəti “Araz-Naxçıvan” – “Kəpəz” matçının yekununda qələbəyə sevinən tərəf birincilər oldu.
İlk hissədə Coşqun Diniyevin, fasilədən sonra Patrik Andradenin vurduğu möhtəşəm qol “qırmızı-ağlar”a hava-su kimi vacib 3 xalı gətirdi.
Oyun başa çatandan sonra gəncəli azarkeşlərin ifasında görməyə alışmadığımız mənzərəyə şahidlik edənlər çaşqınlığını gizlədə bilmədi.
“Kəpəz”in uduzduğu matçlardan sonra qəzəbini gizlədə bilməyən fanatların müxtəlif şüarlarla etirazlarını biruzə verdiklərini az görməmişik. Lakin bu dəfə fərqli səhnə yaşandı.
Hakimin final fitindən sonra futbolçular “Kəpəz Ultras”, “Xəmsə” və “Zona 20” qruplarının yer aldığını tribunalarının önünə yön aldı.
Və bu an tribunalarda “Kəpəz” səsləri və alqış sədaları ilə möhtəşəm görüntü yaşandı.
Demək ki, gəncəli azarkeşlər də məğlub komandaya dəstək olmağı bacarır. Hətta uduzan komandanı alqışlamağı da.
Görünür, çempionatda “Karvan-Yevlax”, kubokda “Araz-Naxçıvan” üzərində qazanılan qələbələr qərbli futbolsevərlərdə gələcəyə inam yaradıb.
14 turdan sonra aktivində 6 xal olan “sarı-göylər” 12 komanda arasında 11-ci pillədə yer alıb.
HƏBİB / SPORTİNFO.AZ
VİDEONU BU LINKƏ DAXİL OLARAQ İZLƏYİN

