«Kəpəz» Rati Ardazişvili ilə yenidən danışıqlara başlayıb.
Azər Bağırov gürcüstanlı yarımmüdafiəçini bir daha öz sərəncamında görmək niyyətindədir.
Baş məşqçi ötən mövsümün ikinci yarısında xidmətindən yararlandığı, ondan sonra Adil Şükürovun düşərgədən uzaqlaşdırdığı legionerlə təmasa keçib.
27 yaşlı orta sahə oyunçusunun qış fasiləsinin ardından «sarı-göylər»in formasını geyinəcəyi gözlənilir.
Vaxtilə Gürcüstanın U-17, U-19 vg U-21 yığmalarına dəvət almış Rati hazırda «Qaqra»nın uğurları üçün tər töküb. O, futbolda ilk addımlarını Tbilisi «Lokomotiv»ində atıb.
2014-2019-cu illəri burada keçirəndən sonra «Çixura»nın yolunu tutub. 2020-ci ildə Ukraynadan dəvət alıb, «Rux»la anlaşıb.
Bir il sonra vətənə dönüb, bu dəfə «Telavi» ilə müqavilə bağlayıb. 2022-2023-cü illəri isə Qazaxıstanda keçirib - öncə «Kaspi»nin, ardınca «Jetisu»nun şərəfini qoruyub.
2024-cü ilin başında Latviyada peyda olub, «Lyepaya»nın düşərgəsində yer alıb. Burada cəmi 9 oyun keçirəndən sonra üçüncü dəfə ölkəsinə qayıdıb və «Samtrediya» ilə müqavilə bağlayıb.
Eyni zamanda, «Kəpəz»də reformalar davam edir. Premyer Liqada qalmaq mücadiləsi verən Gəncə təmsilçisi qış fəsiləsinə kimi bu prosesi tamamlamaq istəyindədir.
Bu üzdən rəhbərlik Azər Bağırovun xidmətinə maraq göstərmədiyi legionerlərlə bir-bir yollarını ayırmaqdadır.
Bilindiyi kimi, Nizami yurdunun nümayəndəsi ötən həftələrdə braziliyalı hücumçu Vitor Feijao və gürcüstanlı yarımmüdafiəçi Otar Aptsiauri ilə vidalaşıb. Həmçinin Kaçper Rosanın məsələsini çözüb.
Yayda 2 illik müqaviləyə qol çəkmiş polşalı qapıçı 3 aylıq təzminat qarşılığında anlaşmaya qarşılıqlı razılıq əsasında xitam verməyə razılaşıb.
Dayanmaq bilməyən «sarı-göylər» son olaraq Pedro Qomeşlə dil tapıb. İyulda «Boavişta»dan gəlmiş müdafiəçi də kontraktı pozmaq təklifini qəbul edib.
Hələ ilyarımlıq sözləşməsi qüvvədə olan 22 yaşlı portuqaliyalı legioner «Kəpəz»ə güzəştə gedib, 3 aylıq təzminat almaqla kifayətlənib.
SPORTİNFO.AZ

