Azər Bağırovun gəlişindən sonra "Kəpəz"də dirçəliş aydın sezilir.
Kollektiv artıq aktivinə qızıl dəyərində 6 xal əlavə edib.
Ölkə Kubokunda isə iddialılardan "Araz-Naxçıvan"ı 120 dəqiqəlik mübarizə sonrası məğlub edərək adını 1/4 final yazdırıb.
Bölgə klubu məğlub olduğu görüşlərdə də özünü yaxşı tərəfdən göstərib.
Kimlərlə?
Böyük əksəriyyəti yerlilərdən qurulan heyətlə.
Məsələn, "Zirə" ilə Premyer Liqa görüşündə "Kəpəz"in start heyətində 7, "Araz-Naxçıvan"la son matçda 6 yerli oyunçu yer alırdı.
Birinci dövrədə Adil Şükürovlu "Kəpəz" "Karvan-Yevlax"a məğlub olduğu görüşdə meydana 8 əcnəbi ilə çıxmışdı.
Amma ikinci dövrədə Azər Bağırovun 5 əcnəbidən ibarət "11-liy"i həmin "Karvan-Yevlax"ı azarkeşləri önündə məğlub etdi.
Aradakı fərqə baxın...
Yayda say düzəltmək üçün komandaya cəlb edilən yerlilər bu gün əsas heyət üzvünə çevrilib.
Çünki maaşı ən azı 10-12 min manat dəyərində olan gəlmələr 1500-2000 manat alan yerlilərdən səviyyəcə aşağıdır, rəqabətdə uduzur.
Azər Bağırov ədalət prinsiplərini əldə əsas tutur. Bunu etmək həm də ona rahatdır. Çünki özünün qurmadığı heyətdir. Zəif gəlmələri rahatlıqla kənara ata bilir.
Hətta üçü ilə yolları ayırıb. Hər birinə isə növbəti 3 ayın təzminatı verilib. Sanki pulu yerdən tapıblar. Siyahı daha böyükdür.
Məsələn, Adil Şükürov qalsaydı, eyni şey(lər)i edərdi?
Əlbəttə, yox.
Hə, 1-2 nəfər olardı, amma belə kütləvi yox.
Çünki ünvanına haqlı suallar gələcəkdi ki, bəs oynatmayacaqdınsa, yayda bu qədər əcnəbini niyə gətirmişdin?
"Kəpəz" tək deyil, digər Premyer Liqa klublarında da oxşar hallar çoxdur.
Sırf əcnəbidir deyə heyətdə yer alan, yerlinin haqqına girən gəlmələrin siyahısı genişdir.
Zamanla bu proses daha da sürətlənəcək.
Təəssüf ki, bir çoxu bilərəkdən-bilməyərəkdən bu faktları görməzdən gəlir, əvəzində daha çox yerli oyunçuların aldığı pulu hesablamaqla yadda qalır.
Beləcə dövlətin Azərbaycan futbolunun, azərbaycanlı futbolçuların inkişafı üçün ayırdığı milyonlar hansısa gürcünün, afrikalının, avropalının cibinə gedir.
Təbii ki, sapı özümüzdən olan baltaların vasitəçiliyi ilə...
XANOĞLAN İMANOV

