«Kəpəz»də reformalar davam edir.
Premyer Liqada qalmaq mücadiləsi verən Gəncə təmsilçisi qış fəsiləsinə kimi bu prosesi tamamlamaq istəyindədir.
Bu üzdən rəhbərlik Azər Bağırovun xidmətinə maraq göstərmədiyi legionerlərlə bir-bir yollarını ayırmaqdadır.
Bilindiyi kimi, Nizami yurdunun nümayəndəsi ötən həftələrdə braziliyalı hücumçu Vitor Feijao və gürcüstanlı yarımmüdafiəçi Otar Aptsiauri ilə vidalaşıb. Həmçinin Kaçper Rosanın məsələsini çözüb.
Yayda 2 illik müqaviləyə qol çəkmiş polşalı qapıçı 3 aylıq təzminat qarşılığında anlaşmaya qarşılıqlı razılıq əsasında xitam verməyə razılaşıb.
Dayanmaq bilməyən «sarı-göylər» son olaraq Pedro Qomeşlə dil tapıb. İyulda «Boavişta»dan gəlmiş müdafiəçi də kontraktı pozmaq təklifini qəbul edib.
Hələ ilyarımlıq sözləşməsi qüvvədə olan 22 yaşlı portuqaliyalı legioner «Kəpəz»ə güzəştə gedib, 3 aylıq təzminat almaqla kifayətlənib.
SPORTİNFO.AZ

