Respublikanın ən böyük ikinci şəhərinin klubundan İSLAHAT ANONSU

23 Noyabr 2022 17:10 Kəpəz 860
Respublikanın ən böyük ikinci şəhərinin klubundan İSLAHAT ANONSU

"Hamımız bilirik ki, kubok oyunları həyəcanlı və ağır keçir. Özü də mərhələ bir oyundan ibarətdir.

Onda hər iki komandanın şansları bərabərləşir.

İki fərqli hissə oldu, birinci yarıda biz üstün idik, fasilədən sonra isə rəqib daha üstün futbol oynadı. Onları əks-hücumda tutmaq istəyirdik.

Birinci hissədə yaratdığımız qol epizodlarından istifadə etsəydik, daha rahat olardı.

Qalib gəldiyimiz və "Kəpəz" fanatlarını sevindirdiyimiz üçün şadıq. Komandamızın yorğunçuluq olsa da, sona qədər mübarizə aparıb, hesabı qoruması məni sevindirdi".

Sportinfo.az xəbər verir ki, bu sözləri "Kəpəz"in baş məşqçisi Tərlan Əhmədov ölkə kubokunun 1/8 final mərhələsinin "Sumqayıt"la oyunundan sonra mətbuat konfransında deyib.

Əhmədov komandasını qarşıda sıx qrafik gözlədiyini bildirib:

"Sıx qrafikə öyrəşməliyik. Heyətimiz kasad olsa da, oynamağa məcburuq. Premyer Liqada iştirak ediriksə, komandanın gələcəyini fikirləşməliyik.

Əslində, biz xallarımızın çoxunu səfər oyunlarında qazanmışıq. Zədəlilərimiz qayıtdıqdan sonra daha rahat olacağıq.

Ola bilsin ki, "Şamaxı" səfərində heyət baxımından problemlər yaşayaq. Ancaq həmin oyundan sonra zədəlilərimiz qayıdacaq.

Bura gələndən komandaya qələbə ruhunu aşılamağa başlamışıq. Oyunçular bilməlidir ki, futbolun tələbi qələbədir.

Doğrudur, məğlubiyyət və heç-heçə də təbii prossesdir. Lakin biz hər oyuna qələbə üçün çıxırıq. Rəqibin kimliyinin fərqi yoxdur.

Gəncədə əhalinin 90 faizi futbolla yaşayır. Onlara qələbə sevinci bəxş etmək istəyirik. Gələcək üçün qalib ruh qurmaq lazımdır.

Stabil oyun nümayiş etdiririk. Dekabra qədər bizi sıx qrafik gözləyir. Əlimizdən gələni edəcəyik. "Şamaxı" ilə səfər görüşündə də qələbə qazanmaq niyyətindəyik".

Gəncə klubunun çalışdırıcısı qışda heyətdə dəyişikliklər olacağını da gizlətməyib:

"Daha çox hücumameyilli oyunçulara üstünlük verəcəyik. Büdcədə nəsə qalsa, müdafiənin cinahına da futbolçu gətirmək niyyətindəyik.

Yusif Nəbiyev uzun müddətdir ki, tək oynayır, onu əvəz edəcək biri yoxdur. Amma ən çox hücum xəttinə oyunçu gətirmək istəyirik.

Qalib gəlmək üçün yaxşı hücumçu olmalıdır. Çalışırıq ki, yanvarda öncə onları komandaya cəlb edək.

Gedəcəyi dəqiqləşən oyunçular var. Amma bu haqda indi danışmaq istəmirəm, bir şey deyə bilməyəcəm.

Çünki qarşıda oyunlarımız var. Matçlar bitəndən sonra klubumuz bu haqda məlumat verəcək".

Digər Xəbərlər
Xəbər Lenti