“Yuventus” rəhbərliyi komandanın hücumçusu Duşan Vlahoviçin nümayəndələri ilə yeni müqavilə danışıqlarını dayandırmaq qərarına gəlib.
Sportinfo.az “La Gazzetta dello Sport”-a istinadən xəbər verir ki, Turin klubu ilə futbolçu arasında danışıqlar mövsümün sonuna qədər təxirə salınıb.
Bu o deməkdir ki, serb futbolçu yayda klubdan azad agent kimi gedə bilər, çünki onun müqaviləsinin müddəti bu ilin iyununa qədərdir.
Hadisələrin bu cür gedişi Vlahoviçin “Yuventus”dan ayrılacağına işarə ola bilər.
Daha əvvəl bildirilirdi ki, “Yuventus” Vlahoviçlə müqavilənin müddətini uzatmağa çalışır və onlar serbiyalı hücumçudan yüksək maaşını – 12 milyon avronu iki dəfə azaltmasını (təxminən ildə 6 milyon avroya qədər) tələb edir.
Görünür, futbolçu bu təklifdən məmnun qalmayıb.

