“Real Madrid” və Türkiyə millisinin ulduz u Arda Gülerin sosial mediadakı son paylaşımı maraqla qarşılanıb.
Sportinfo.az xəbər verir ki, gənc istedadın paylaşımına “Mançester Siti”nin ulduz hücumçusu Erlinq Haaland da şərh yazaraq reaksiya verib.
Madrid klubunun qapıçısı Tibo Kurtua isə komanda yoldaşına zarafatla “Bağışla, dostum, səni görmədim” sözlərini ünvanlayıb.
Sözügedən foto ötən ilin 11 dekabrında Çempionlar Liqası çərçivəsində baş tutan “Real Madrid” – “Mançester Siti” (1:2) matçında lentə alınıb.
Görüntülərdə standart vəziyyət zamanı Gülerin cərimə meydançasında özündən təxminən 20 santimetr uzun olan Haalandın qarşısını almağa çalışdığı anlar əks olunub. Bu kadr qısa müddətdə sosial şəbəkələrdə viral olmuşdu.
“Fənərbaxça”dan 20 milyon avroya transfer olunan Arda Güler Karlo Ançelottinin gedişindən sonra komandanın sükanı arxasına keçən Xabi Alonsonun oyun sistemində əsas fiqurlardan birinə çevrilib.

