
İspaniya La Liqasının rəhbəri Xavyer Tebas “Barselona” və “Vilyarreal” arasında ABŞ-da keçirilməsi planlaşdırılan 17-ci turun oyununun orda keçirilməsinin ləğv edilməsi ilə bağlı sərt açıqlama verib.
Oyun dekabrın 20-də keçirilməli idi.
Sportinfo.az xarici KİV-ə istinadən xəbər verir ki, o, İspaniya futbolunun dünya səviyyəsində irəliləmək imkanını əldən verdiyini deyib:
“Bu gün İspaniya futbolu dünya səviyyəsində irəliləmək, özünü göstərmək və gələcəyini möhkəmlətmək imkanını əldən verdi. Yarışların dürüstlüyündən danışanlar uzun illər bu dürüstlüyü şübhə altına qoymuş, hakimlərə və rəhbərliyə təzyiq göstərmiş, siyasət və media vasitələrini idmana müdaxilə üçün istifadə ediblər. Bəziləri isə bəlkə də, qeyri-iradi olaraq, 2018-ci ildən müzakirə olunan məlumatların ətrafında debatlara cəlb olunublar. Bu məlumatlar yalnız layihəni dayandırmaq üçün bəhanə idi”.
Tebas, həmçinin, “Barselona” ilə “Vilyarreal”a təşəkkürünü bildirib:
“Layihənin bir hissəsi olarkən özlərini düşünmədilər, hamını düşündülər. “Vilyarreal” və “Barselona”ya təşəkkür edirəm. La Liqa ciddi və əzmkar şəkildə işləməyə davam edəcək, ispan futbolunu rəqabətqabiliyyətli saxlamaq üçün, onu məhv etmək istəyənlərə qarşı duraraq, köklərinə hörmət edərək davamlılığını təmin edəcək. İspaniya futbolu gələcəyə iddia ilə baxmağa layiqdir, qorxu ilə deyil. Biz cəhd etməyə davam edəcəyik. Bu dəfə çox yaxın idik”.
La Liqa komandaları son turdakı qarşılaşmalarda hakimin start fitindən sonra bir neçə saniyə hərəkətsiz qalaraq xaricdə keçiriləcək oyuna etiraz etmişdilər.