
“Arsenal”ın müdafiəçisi Oleksandr Zinçenko son mövsümü karyerasının ən pis dövrü adlandırıb.
Ukraynalı futbolçu İngiltərə Premyer Liqasındakı 15 oyunda ortalama cəmi 34 dəqiqə çıxış edib və yalnız bir məhsuldar ötürmə verib.
Sportinfo.az xarici KİV-ə istinadən xəbər verir ki, 28 yaşlı oyunçu əvvəlki mövsümlərdən fərqli olaraq, bu dəfə zədələrin əsas səbəb olmadığını bildirib:
“Əvvəlki mövsümlərdən fərqli olaraq, bu dəfə zədələr əsas səbəb deyildi. Sentyabrda kiçik bir baldır zədəsi mənə oynamağa imkan vermədi.
Arada xəsarətlər olurdu, amma mövsümün böyük hissəsində formadaydım. Start heyətə demək olar ki, düşmədim, yalnız bir neçə oyunda çıxış etdim. Bu, karyeramın ən pis mövsümü idi”.
O əlavə edib ki, əsas heyətdən ehtiyat oyunçular oturacağına keçid çox çətin emosional durum yaradır:
“Baş məşqçiniz (Mikel Arteta) sizə artıq inanmırsa, bu, sizi sarsıda bilər, hətta ən dözümlü insan olsaz belə. Ehtiyat oturacaqda oturmaq Premyer Liqada yüksək maaşla olsa da, hələ də bir imtiyazdır.
Amma hər kəs futbola onu sevdiyi üçün başlayıb və bu sevgi olmadan həyatın böyük bir hissəsi itirilir”.
Zinçenko 28 yaşında karyerasında belə bir vəziyyətlə üzləşməyin necə çətin olduğunu da vurğulayıb:
“Kiçik yaşlarından bütün həyatını bir işə həsr edən insan birdən anlayır ki, artıq onu lazım olan kimi istifadə etmirlər, başqaları onun yerinə işi görə bilər. Bu, xoş olmayan bir hissdir”.