
“Mançester Yunayted”in sabiq futbolçusu Pol İns klubun hazırkı durumundan narahatlığını dilə gətirib.
Sportinfo.az xarici KİV-ə istinadən xəbər verir ki, o, komandanın psixoloji baxımdan zəif olduğunu deyib və futbolçuların təzyiqə dözümlü olmadığını vurğulayıb, həmçinin, hazırkı vəziyyəti kəskin tənqid edib:
“İndiki “Mançester Yunayted”in vəziyyəti məni kədərləndirir. Mən oynadığım vaxtlar komandada təkcə yüksək səviyyəli futbolçular yox, həm də güclü xarakterə malik insanlar var idi.
Qari Nevill, Cimi Karrager və Roy Kin haqlı olaraq deyirlər ki, oyunda xarakter çatışmır. Çünki indiki futbolçuların psixoloji baxımdan dözümlülüyü yoxdur.
Biz vaxtilə “Mançester Yunayted”də oynayarkən yeni transferləri öz aramızda müzakirə edirdik və soruşurduq:
“O, bu komandada oynamağa layiqdirmi?” Bu təkcə bacarıqla yox, həm də davranış və təzyiqlə necə mübarizə apardığınla bağlı idi.
Fanatlar hər həftə səndən nəticə gözləyir. Amma bəzi futbolçular bu psixoloji yükü daşıya bilmir. Onlarda bunu etmək üçün xarakter yoxdur”.
Portuqaliyalı çalışdırıcı Ruben Amorimin rəhbərlik etdiyi komanda ötən Premyer Liqa mövsümünü turnir cədvəlinin 15-ci pilləsində başa vurub.