“Arsenal”ın baş məşqçisi Mikel Arteta “Şaxtyor”un (Donetsk) yarımmüdafiəçisi Mixailo Mudrikin mümkün transferi ilə bağlı fikirlərini bölüşüb.
Sportinfo.az xəbər verir ki, o, bu barədə belə deyib:
“Mən heç vaxt komandada olmayan futbolçular haqqında danışmıram. İndi digər ölkələrin liqalarında oyunlar hələlik yoxdur.
Ümid edirəm ki, son oyunda (17-ci turun “Vest Hem”lə görüşü) azarkeşlərə şou göstərə bildik”.
Sosial şəbəkədə “Arsenal” – “Vest Hem” (3:1) matçında oyunu izləyənlər arasında Mudrikin də yer aldığını göstərən fotolar yayılıb.
“Topçular” Donetsk təmsilçisinə gənc futbolçu üçün 40 milyon avro və bonus olaraq 20 milyon avro təklif edib.
Mudrik bu mövsüm “Şaxtyor”un heyətində 12 oyuna çıxıb, 6 qol vurub və 7 məhsuldar ötürmə edib.

