Azərbaycan çempionu avrokuboklardan kənar qaldı

30 Oktyabr 2020 20:00 Həndbol 607
Azərbaycan çempionu avrokuboklardan kənar qaldı

Qadın həndbolçulardan ibarət “Azəryol” avrokuboklarda iştirak etməyəcək.

Sportinfo.az xəbər verir ki, bu barədə qərar klub rəhbərliyi və Avropa Həndbol Federasiyası (EHF) arasında danışıqlardan sonra qəbul edilib.

Avropa kubokunda 3-cü mərhələdən mübarizəyə qoşulmalı olan Azərbaycan çempionunun Serbiya təmsilçisi “Naisa Niş”lə görüşləri keçirilməyəcək.

Noyabrın 14-15 və 21-22-nə planlaşdırılan matçların təşkili müzakirələrdən sonra mümkünsüz hesab olunub. Balkan təmsilçisinin 1/8 finala yüksəlməsi barədə qərar verilib.

Ümumilikdə isə Avropa kubokunun 5 cütü barədə analoji qərar qəbul olunub. Buna səbəb Avropanı bürüyən koronavirus pandemiyasıdır.

Çətin vəziyyətdə EHF bir sıra ölkələrdə karantin və məhdudiyyətlərin olduğunu nəzərə alaraq kişilərin turnirində BK-46 – “Tallinn”, “Robe Zubri” – “Sankt Qallen” və “Tiraspol” – “Saratov”, qadınların mübarizəsində isə “Atletiko” – “Zuq” və “Naisa Niş” – “Azəryol” matçlarını ləğv edib.

Klublar və EHF arasında danışıqlardan sonra hər cütdən bir komandanın mübarizəni davam etdirməsi məqsədəuyğun sayılıb. Bu, daha sabit vəziyyətdə olan ölkələrin komandalarına şamil edilib və “Tallinn”, “Saratov”, “Robe Zubri”, “Atletiko” və “Naisa Niş” tur adlayıb.

Digər Xəbərlər
Xəbər Lenti