Azərbaycan avrokuboklarda 1 klubla təmsil olunacaq

27 İyul 2020 15:04 Həndbol 716
Azərbaycan avrokuboklarda 1 klubla təmsil olunacaq

Həndbol üzrə Avropa klub turnirlərində mübarizə aparacaq klubların siyahısı açıqlanıb.

Sportinfo.az xəbər verir ki, Azərbaycanı qitə arenasında yalnız bir komanda təmsil edəcək.

Bu, qadınlardan ibarət “Azəryol” klubudur. Hərçənd öncədən iki təmsilçimizin avrokuboklarda mübarizə aparacağı gözlənilirdi. Ölkə çempionu adını qazanan kişilərdən ibarət “Məhsul” və qadınlardan ibarət “Azəryol”un Avropa səhnəsinə çıxacağı proqnozlaşdırılsa da, yalnız sonuncular belə imkan əldə edib.

Əslində isə Azərbaycan daha çox klubla təmsil olunmaq hüququna malikdir. Belə ki, Avropa Həndbol Federasiyasının (EHF) reytinqinə əsasən Çelenc kubokunun ləğvindən sonra yenilənən EHF kubokunda 3 kişi və 3 qadın klubumuz oynamaq hüququna malik idi.

Üstəlik, bir qadın komandamız ikinci dərəcəli klub turniri olan Avropa Liqasında oynaya da bilərdi. Amma sonda “Azəryol”un elə EHF kubokunda oynaması məqsədəuyğun sayılıb.

EHF bu turnirdə 114 komandanın iştirakını gözləsə də, ümumilikdə cəmi 41 iştirakçı sifariş olunub. Bu üzdən də yarışda I mərhələ olmayacaq. Qadınların EHF kuboku oktyabrın 10-11 və 17-18-də keçiriləcək II mərhələ ilə start götürəcək. Burada 18 komanda 9 cüt təşkil edəcək. Püşkatma sentyabrın 1-də keçiriləcək.

Azərbaycan çempionu “Azəryol” həmin raunddan azad olan 23 komanda sırasındadır. Təmsilçimiz III mərhələdə, yəni 1/16 finalda mübarizəyə qatılacaq. Hələlik bu mərhələnin və püşkatmasının tarixi dəqiqləşməyib (apasport.az).

Digər Xəbərlər
Xəbər Lenti