Azərbaycan yığması Sloveniyaya böyük hesabla uduzdu

7 Avqust 2023 10:20 Həndbol 369
Azərbaycan yığması Sloveniyaya böyük hesabla uduzdu

Bakı İdman Sarayında 17 yaşadək həndbolçu qızların Avropa çempionatı davam edir.

Sportinfo.az xəbər verir ki, bu gün qitə miqyaslı yarışda daha 4 qarşılaşma olub.

Günün ilk matçında A qrupunda qərarlaşan Bosniya və Herseqovina millisi ilə Litva komandası üz-üzə gəlib.

Gərgin mübarizə şəraitində keçən görüşün ilk hissəsi Litva həndbolçularının 24:16 hesablı üstünlüyü ilə başa çatıb.

Qarşılaşmanın ikinci hissəsində Bosniya və Herseqovina təmsilçiləri 21:16 hesabı ilə qalib gəlsələr də, ümumi hesabda Litva millisi qələbə çalıb – 40:37.

Ardınca meydançaya B qrupunun İspaniya və Yunanıstan kollektivləri çıxıblar. Rəqibi əksər göstəricilərdə üstələyən İspaniya seçməsi asanlıqla qalib gəlib – 33:11.

B qrupunda keçirilən İsrail – Farer adaları görüşündə ada təmsilçisinin qələbəsinə inananlar yanılmayıblar. Daha inamlı oyun nümayiş etdirən Farer adaları komandası matçı 38:22 hesablı qələbə ilə başa vurub.

Günün son matçında isə Sloveniya komandası Azərbaycan millisinə 58:6 hesabı ilə qalib gəlib.

Sabah çempionatda daha 4 qarşılaşma olacaq. A qrupunda Azərbaycan Bosniya və Herseqovina ilə, Litva Gürcüstanla üz-üzə gələcək. B qrupunda isə Yunanıstan – İsrail, İspaniya – Lüksemburq görüşləri keçiriləcək.

Avropa çempionatına avqustun 13-də yekun vurulacaq.

Digər Xəbərlər
Xəbər Lenti