Azərbaycan Avropa çempionatına qələbə ilə başladı

14 Yanvar 2023 01:10 Həndbol 725
Azərbaycan Avropa çempionatına qələbə ilə başladı

Kişi həndbolçuların 2023-cü il Avropa çempionatının ilkin təsnifat mərhələsinə start verilib.

Sportinfo.az xəbər verir ki, milli komandamızın Böyük Britaniya, Kipr və Malta seçmələri ilə birgə yer aldığı qrupun oyunları 3 gün ərzində Bakı İdman Sarayında keçiriləcək.

Turnirin ilk matçında Böyük Britaniya və Kipr komandaları üz-üzə gəliblər. Oyundan əvvəl Avropa Həndbol Federasiyasının bayrağı meydançaya gətirilib, açılış matçının iştirakçılarının dövlət himnləri səsləndirilib.

Görüş gözlənildiyi kimi gərgin mübarizə şəraitində keçib. Hər iki komanda turnirə qələbə ilə başlamağa çalışsa da, istəyinə nail ola bilməyib. Qarşılaşma 25-25 hesabı ilə başa çatıb.

Ardınca yarışın açılış mərasimi olub. Milli musiqi sədaları altında təqdim edilən müxtəlif rəqslər, maraqlı kompozisiyalar maraqla qarşılanıb.

Açılış mərasimdən sonra meydançaya Azərbaycan və Malta milliləri çıxıblar. Dövlət himnləri səsləndirildikdən sonra mübarizəyə start verilib.

AHF-nin prezidenti, Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin idarə heyətinin sədri Saleh Məmmədov, Gənclər və İdman naziri Fərid Qayıbov, müavini Mariana Vasileva, Milli Olimpiya Komitəsinin vitse-prezidenti Çingiz Hüseynzadə, Avarçəkmə Federasiyasının prezidenti Vüqar Əhmədovun da izlədiyi oyun Azərbaycan həndbolçularının tam üstünlüyü ilə keçib.

Birinci hissəni 18:6 hesabı ilə öndə tamamlayan meydan sahibləri üstünlüyü ikinci yarıda da əldən verməyib.

Oyunun ən yaxşısı Azərbaycan millisinin üzvü Ramazan Muradov seçilib. Həndbolçuya mükafatı gənclər və idman nazirinin müavini Mariana Vasileva təqdim edib.

Bu gün saat 14:45-də Malta – Kipr, 17:00-da Azərbaycan – Böyük Britaniya görüşləri keçiriləcək. Yanvarın 15-də isə saat 12:45-də başlanacaq.

Böyük Britaniya – Malta və start fiti 15:00-da səslənəcək. Kipr – Azərbaycan görüşləri ilə turnirə yekun vurulacaq.

Digər Xəbərlər
Xəbər Lenti
25 Aprel 18:10 Çək və bizə göndər!