
“Bir neçə il əvvəl Azərbaycan klubundan təklif almışdım, lakin sonluq uğurlu olmamışdı”.
Vaxtilə “Xəzər Lənkəran”ı çalışdırmış Mirça Rednik Sportinfo.az-a açıqlamasında səmimi etirafla yadda qalıb.
Rumıniyalı mütəxəssis 2018-ci ildə Azərbaycan Premyer Liqasında mübarizə aparan komandalarından birini çalışdırmaq ehtimalından söz açıb.
Rednik həmin klubun adını saytımıza açıqlamasında dilə gətirib:
“Həmin vaxt Belçikada “Muskron”un “sükanı” arxasındaydım. Azərbaycandan təklifin gəlməsi xoş oldu. Lakin “Muskron”la yolları ayırmaq çətin idi.
Çünki klubla müqaviləm vardı. Yenidən Azərbaycanda işləməyi arzulayırdım. Təəssüf ki, müqaviləmin olması buna imkan verməmişdi.
Həmin klub “Keşlə” idi. Açığı, bu adı ilk dəfə eşidirdim deyə, təəccüblənmişdim. Öyrəndim ki, bu, mənim vaxtımdakı “İnter”dir. “İnter” o vaxtdan yadımda iddialı, mübariz komanda kimi qalmışdı. Mənə təklif göndərən dönəmdə Adrian Skarlatake “Keşlə”də oynayırdı”.
Mirça Rednik 2010-cu ilin yayından 2011-ci ilin dekabrına qədər “Xəzər Lənkəran”ı çalışdırıb.
O, ölkəmizdə məşqçilik etdiyi dönəmdə Azərbaycan Kubokunu və Azərbaycan Premyer Liqasının gümüş medalını qazanıb.
HƏBİB