
Premyer Liqada mübarizə aparacaq “Karvan” heyətini gücləndirməkdə davam edir.
Bölgə klubu “Neftçi”nin yetirməsini heyətinə qatmaqda maraqlıdır.
Söhbət 19 yaşında “ağ-qaralar”ın əsas komandasında debüt edərək sonradan Latviyada “Dauqavpils”in şərəfini qoruyan, başa çatan mövsümdə “Araz-Naxçıvan”ın sıralarında yer alan Ramin Nəsirlidən gedir.
22 yaşlı yarımmüdafiəçi ötən mövsüm aldığı zədə səbəbindən Türkiyədə əməliyyat olunmuş, uzun müddət yaşıl meydanlardan kənarda qalmışdı.
Çətin dönəmi geridə qoyan Nəsirli karyerasında yeni səhifə açmaq üçün “Karvan”la danışıqlara başlayıb.
Tərəflərin yaxın günlərdə rəsmi müqaviləyə imza atacağı gözlənilir.
Yevlax təmsilçisi yay fasiləsində heyətini hələ ki, Eltun Turabov və Süleyman Əhmədovla gücləndirib.
HƏBİB / SPORTİNFO.AZ