COP29

“Braqa”ya görə nə stadiona gedəcəklər, nə də azarkeşlik edəcəklər

22 Fevral 19:00 Gündəm 2 044
“Braqa”ya görə nə stadiona gedəcəklər, nə də azarkeşlik edəcəklər

“Qarabağ” ölkə futbolu adına tarixi hadisənin bir addımlığındadır.

“Köhlən atlar” futbol tariximizdə ilk dəfə Avropa Liqasının 1/8 final mərhələsinə yüksələ bilər.

Bunun üçün “Braqa” səddi keçilməlidir. Qurban Qurbanovun yetirmələrinin ötən həftə səfərdən 4:2 hesablı parlaq qələbə ilə qayıtdığını nəzərə alsaq, bu, əlçatmaz görünmür.

Portuqaliya təmsilçisi Bakıda dəstəksiz qalmayacaq. Pirineydən paytaxtımıza 100-ə yaxın azarkeşin gələcəyi gözlənilir.

Maraqlıdır, ölkəmizdə top qovan portuqaliyalı futbolçular necə, oyun günü stadiondakı yerini tutacaqlar? Hansı komandaya azarkeşlik edəcəklər?

Keçirdiyimiz sorğunun nəticəsində məlum oldu ki, onlar “Braqa”nı canlı izləməkdə maraqlı deyillər.

Nuno Rodriges, “Araz-Naxçıvan”: “Yaxşı oyuna azarkeşlik edəcəyəm. Layiq olan mərhələni adlasın. Çalışacağam stadionda olum”.

İqor Rodriges: “Cümə günü “Qəbələ” ilə oyunumuz var. Bu səbəbdən oyunu Bakıda, stadionda izləməyim mümkünsüzdür. “Qarabağ”ın mərhələ adlamaq şansı çoxdur. İstənilən halda növbəti mərhələni haqq edən komanda bunu meydanda göstərməlidir. Baxımlı futbola azarkeşlik edəcəyəm”.

Pedro Nuno, “Səbail”: “Oyuna televizorda baxacağam. Azarkeşlik etdiyim komanda yoxdur. Bu, mənim üçün Avropa Liqasının sıradan oyunudur”.

Madi Queta: “İlk görüşü televizorda izləmişdim. Bu dəfə də belə olacaq. Azarkeşlər üçün maraqlı oyun olacağına şübhə etmirəm. Heç birinə azarkeşlik etməyəcəyəm. Layiq olan növbəti mərhələyə adlasın”.

Fevralın 22-də Tofiq Bəhramov adına Respublika stadionunda baş tutacaq “Qarabağ” – “Braqa” qarşılaşması saat 21:45-də başlayacaq.

HƏBİB / SPORTİNFO.AZ

Digər Xəbərlər
Xəbər Lenti
26 İyul 18:10 Çək və bizə göndər!
26 İyul 00:10 "Nə olacaqsa, olacaq"