Onu qalmaqalla ayrıldığı Gəncədə necə qarşılayacaqlar?

30 Mart 2023 21:00 Gündəm 1 547
Onu qalmaqalla ayrıldığı Gəncədə necə qarşılayacaqlar?

Premyer Liqanın 28-ci turunun bəlkə də ən prinsipial qarşılaşması Gəncədə baş tutacaq.

Elitada qalmaq uğrunda mübarizə aparan “Kəpəz”lə “Səbail” yerli publikanın gözləri qarşısında mübarizə aparacaq.

Oyunla bağlı bəzi maraqlı məqamlar var ki, onlara toxunmasaq olmur.

Ölümə bərabər məğlubiyyət

Matça rəng qatan başlıca məqam hər iki komandanın eyni məqsəd uğrunda mübarizə aparmasıdır.

Son turlarda qazanılan qələbələrlə vəziyyətini xeyli yaxşılaşdıran qərb təmsilçisi xalların sayını 22-yə çatdırmağa nail olub. Bayıllılar isə 18 xalla sonuncu sıradadır.

“Sarı-göylər” aprelin ilk günündə 3 xalı bayram edəcəyi halda Premyer Liqada qalmaq şansını 70-80 faiz yaxşılaşdıracaq. Əvəzində “dənizçilər”in işi çətinə düşəcək.

Odur ki, Gəncədə uduzmaq Şahiin Diniyev və komandası üçün ölümə bərabər olacaq. “Səbail” özündən öncəki rəqiblərdən uzaq düşməmək üçün Nizami yurdunda məğlub olmamalıdır.

Qəribə hal

“Səbail” “Kəpəz”in cari mövsümdəki duelləri xüsusi marağa səbəb olub və sürpriz nəticələr qeydə alınıb.

Premyer Liqanın 4-cü turu çərçivəsində “ASCO Arena”da baş tutan ilk görüşdə meydan sahibləri gəncəliləri 4:1 hesabı ilə məğlub etməyi bacarmışdı. Və həmin məğlubiyyətdən sonra Yaşar Vahabzadə istefaya göndərilmişdi.

Komandalar ikinci dövrədə Gəncədə üz-üzə gələndə bu dəfə fərqli baş məşqçilərin dueli idi – Mahmud Qurbanovla Tərlan Əhmədovun.

Rəqibinə göz açmaq imkanı verməyən meydan sahibləri 3 cavabsız qolla qələbəni bayram etmişdi.

Üçüncü dövrədəki oyunda hər nə qədər qəribə görünsə də, yenə fərqli baş məşqçilərin duelinə şahidlik etmişdik.

Şahin Diniyev “Səbail”dəki ilk rəsmi oyununda Tərlan Əhmədovun “Kəpəz”i ilə qarşılaşmışdı. Oldquca gərgin keçən 90 dəqiqənin sonunda Bayıl təmsilçisi 1:0 hesabı ilə qələbə qazanmışdı.

Göründüyü kimi, cari mövsümdə qalibiyyət üstünlüyü 2:1 bakılıların xeyrinədir. “Kəpəz” bu dəfə 3 xalı bayram etməklə həm balansı qorumalı, həm də Əhmədov Diniyevin məğlubiyyət payını qaytarmalıdır.

Onu Gəncədə necə qarşılayacaqlar?

Diniyev demişkən, bu adamın Gəncəyə səfərinin özü böyük hadisə kimi yadda qalacaq.

2015-2017-ci illər aralığında “Kəpəz”i çalışdıraraq komandanın Avropa Liqasında çıxış etməsinə şərait yaradan təcrübəli mütəxəssis yerli publika tərəfindən sevilən adlardan olub.

Lakin 2017-ci ilin sonlarında klubda baş verən hadisələr və maliyyə yeyintisi klub rəhbərliyi kimi, Şahin bəyin də “Kəpəz”dən gedişini şərtləndirmişdi ki, sonrakı dönəmdə bir neçə dəfə Gəncədə işləmək perspektivinə isti yanaşmamışdı.

Maraqlıdır, Gəncə futbolunun azarkeşləri Şahin Diniyevi rəqib qismində necə qarşılayacaq? Keçmişdəki xidmətlərinə görə alqışlayacaqlar, yoxsa əksinə?

HƏBİB / SPORTİNFO.AZ

Digər Xəbərlər
Xəbər Lenti
19 Aprel 16:30 Çək və bizə göndər!
19 Aprel 11:20 GƏLİN və GÖRÜN!
19 Aprel 02:50 Nicat yenə məğlub oldu
19 Aprel 01:00 "Futbol əməliyyatı"