Bu gün diqqətlər Çexiyaya yönələcək.
Çempionlar Liqasının pley-off mərhələsinin cavab qarşılaşmasında "Qarabağ" səfərdə "Viktoriya"nın qonağı olacaq.
Plzendə tribunalarda anşlaq olacaq, ekran qarşısında milyonların qəlbi "Qarabağ"la döyünəcək.
Azərbaycanda olduğu kimi, Çexiyada da bu matça yüksək maraq var. Plzendəki görüş üçün biletlər satışa çıxarıldıqdan cəmi 2-3 saat sonra tam alınıb.
Oyunun keçiriləcəyi Plzen kiçik şəhərdir. Son statistikaya əsasən, onun 169 min əhalisi var. "Viktoriya" ev oyunlarını şəhərdəki "Dusan Arena"da keçirir. 1955-ci ildə açılışı olmuş bu stadionun hazırda 11 min 700 tamaşaçı tutumu var. Bu, "Qarabağ"ın avrokuboklarda ev oyunlarını keçirdiyi Tofiq Bəhramov adına Respublika Stadionundan üç dəfəyə yaxın azdır.
İndi isə keçək qarşılaşmada "Qarabağ"ı nələr gözləyə bilər, onun təhlilinə. Ağdam təmsilçisini çox çətin səfər matçı gözləyir. Çox güman ki, 4-3-3 oyun formatı ilə meydançaya çıxacağı gözlənilən Ağdam klubu müdafiənin arxasına atılan toplarda, əks hücumlarda və standart vəziyyətlərdə çox diqqətli olmalıdır. Çünki Bakıdakı qarşılaşmadan fərqli olaraq meydan sahiblərinin dogma divarlar arasında 4-4-2 taktiki sxemi ilə meydançaya çıxacaqları gözlənilir. İlk matçda topu "Qarabağ"a verərək daha çox topsuz oyun planı seçən Plzen təmsilçisinin bu dəfə də müdafiədə "avtobus" quracağı heç kimə sirr deyil. Lakin "Viktoriya"nın məşqçilər korpusu ilk oyundan fərqli olaraq 3-cü zonada topu daha çox saxlamaqları üçün Tomaş Xorı və Yan Klimenti eyni anda meydançaya buraxa bilər. Hündür boya malik Xorının ikili mübarizələrdə topa daha çox sahib olması boş koridorlar açaraq komandanın hücumda çoxalmasına imkan yarada bilər.
Xüsusilə Çexiya təmsilçisində cinahlarda oynayan futbolçuların çox sürətli keçidləri fonunda komandamız müdafiə xəttində daha diqqətli olmalıdır. "Qarabağ"da sağ və sol cinah müdafiəçilər rəqibin hücumları zamanı mərkəzə doğru çəkilərək boş zona buraxmamalıdırlar.
Belə qənaətə gəlmək olar ki, ilk dəqiqələrdə Ağdam təmsilçisi topa daha çox sahib olaraq qısa ötürmələrə üstünlük verəcək. Rəqibin qapalı müdafiə xəttini aşmaq üçün isə mütləq uzaqdan vurulan zərbələrə üstünlük vermək lazımdır. Daha yüksək fiziki hazırlığın tələb olunduğu oyun planı fonunda rəqibə boş zona yaratmamağa çalışılmalıdır. Bu oyun planı işə düşərsə, komandamız rəqibə qarşı üstünlük əldə edə bilər. Abdulla Zubirin tez-tez cinahları dəyişməsi, İbrahima Vadjinin topsuz oyunlarda rəqib müdafiəçiləri üzərinə çəkməsi "Viktoriya"nın arxa xəttində balansın pozulmasına səbəb yaradar. Bu fonda isə Kadi Borqes və Filip Ozobiç üçün boş zonalar yaranar ki, uzaqdan vurulan zərbələr nəticəsində istədiyimiz qolu vurmaq imkanına sahib olarıq.
Müdafiənin mərkəzində daha sayıq görünən Çexiya klubu cinahlarda heç də uğurlu deyil. Çünki Bakıdakı matçdan fərqli olaraq, oyunun müəyyən hissələrində bəzən sağ və ya sol cinah müdafiəçiləri hücuma qoşularkən itirilən toplardan sonra geriyə qayıtmaqda ciddi problem yaşayırlar. Belə ki, hücumda çoxalarkən müdafiə olunmaqda say baxımından geri qalan Plzen təmsilçisi ilə komandamız səbirli, həyəcana yol vermədən oynayaraq istədiyi nəticəni qazana bilər.
"Qarabağ"ın baş məşqçisi Qurban Qurbanov Çexiyaya yollanmamışdan əvvəl Heydər Əliyev Beynəlxalq Aeroportunda jurnalistlərə açıqlamasında komandada əhvali-ruhiyyənin yaxşı olduğunu bildirib: "Hər şey yolunda və qaydasındadır. Təkcə bizə cavab qarşılaşmasında yaxşı oyun göstərmək qalır. Hazırlığımız pis alınmayıb. "Turan Tovuz"la Premyer Liqanın 3-cü turundakı matç təxirə salınmışdı. Görüşə daha rahat hazırlaşmaq imkanımız olub. Amma yenə də vaxtımız az idi. Hər halda proqramımızda dəyişiklik etdik. Biz daha çox iki gün əvvəl səfərə çıxırıq. Amma bu dəfə bir gün əvvəl Çexiyaya yollanırıq. Əlavə məşqə də ehtiyacımız var idi. Bu səbəbdən belə addım atdıq".
Necə deyərlər, inanmaq uğurun yarısıdır. Səfərdə qazanılacaq qələbə növbəti tarixi nəticəyə imza atmaq üçün çox əla imkan yaradacaq. Niyə də yox?!
Vurduğun qol olsun, "Qarabağ"!
Elçin CƏFƏROV,
"Azərbaycan"

