
“Əhatə dairəm çox genişdir, müxtəlif sahələrdə çalışan insanlarla gündəlik kontaktda oluram”.
Bu sözləri Sportinfo.az-a açıqlamasında menecer Erkin İbrahimov deyib.
AFFA-nın “Kəpəz”in idman direktoru postuna namizəd gördüyü tanınmış agent klub sferasında fəaliyyət göstərmək niyyətində olmadığını bildirib:
“Bir çox adam futbol mövzusu olanda məni yığa, söz soruşa, məsləhətləşə bilər. Qaldı ki “Kəpəz”ə son vaxtlar belə bir təklif almamışam.
Xarakterimi bilirlər, mən özümü klub sektorunda görmürəm. Yoxsa klubların birində çoxdan çalışmağa başlamışdım.
Əksinə, bəzi klublar mənim məsləhətimlə müəyyən funksionerləri işə götürüb. Həmin şəxslərdən bunu xatırlayan da var, xatırlamayan da.
Amma özüm heç vaxt bu sektora can atmamışam. Sərbəst çalışmağa üstünlük verirəm.
Bir neçə klubun rəhbər şəxsləri, məşqçiləri ilə tez-tez görüşürük, məsləhətləşirik. Belə deyim, kim sayğı ilə yanaşırsa, məndən də eyni münasibəti görür.
“Kəpəz” mənim üçün bir az həssas mövzudur. Əslimiz Gəncədəndir. Kənardan görürəm, oradan-buradan da eşidirəm ki, klubda durum ürəkaçan deyil.
AFFA-nın verdiyi dəstəklə, onlara ayrılan büdcə ilə bu komanda belə nəticələrə imza atmamalıdır, hər tur uduzmamalıdır, indiki “Neftçi”dən 5 qol buraxmamalıdır”.