Avqustun 23-də “Qarabağ” Çempionlar Liqasının pley-off mərhələsi çərçivəsində “Viktoriya” ilə cavab görüşünə çıxacaq.
Ötən həftə Bakıda qeydə alınan qolsuz bərabərlikdən sonra Azərbaycan çempionunun hədəfə çatması üçün Plzendə qələbə qazanması mütləqdir. Ya da penalti zərbələrində sevinən tərəf olmalıdır.
Lakin “Doosan Arena”da oynamaq “köhlən atlar” üçün heç də asan olmayacaq. Stadionun azarkeş tutumu fantastik deyil.
Avrokuboklarda “Viktoriya”nı ən yaxşı halda 11700 nəfər dəstəkləyə bilər ki, bu sayın müəyyən hissəsi qonaqların payına düşür.
Plzen təmsilçisi doğma meydanda inanılmaz dərəcədə xoş təsir bağışlayır. Bunu “Viktoriya”nın son illərdə avrokuboklarda göstərdiyi nəticələrə əsasən demək mümkündür.
“Qırmızı-göylər” “Doosan Arena”da sonuncu dəfə 4 il əvvəl məğlub olub. Çempionlar Liqasının qrup mərhələsi çərçivəsində Madrid “Real”ı ilə baş tutan qarşılaşmada dünya nəhəngi çexləri azarkeşlərinin önündə biabır edib – 5:0.
Həmin qarşılaşmadan sonra sözügedən arenada “Viktoriya”nın iştirakı ilə 10 oyun baş tutub ki, “Qarabağ”ın rəqibi heç bir halda uduzmayıb – 9 qələbə, 1 heç-heçə.
“Viktoriya” – “Roma” (İtaliya) 2:1
“Viktoriya” – “Dinamo” (Xorvatiya) 2:1
“Viktoriya” – “Olimpiakos” (Yunanıstan) 0:0
“Viktoriya” – “Antverpen” (Belçika) 2:1
“Viktoriya” – “Syonneryusk” 3:0
“Viktoriya” - “Dinamo Brest” (Belarus) 2:1
“Viktoriya” - “The New Saints” (Uels) 4:2
“Viktoriya” - ÇSKA (Bolqarıstan) 2:0
“Viktoriya” – HİK (Finlandiya) 5:0
“Viktoriya” – “Şerif” (Moldova) 2:1
Bu 10 komandanın arasında “Qarabağ”a tay, ya da təmsilçimizdən güclü ola biləcək komandalar ilk 4-üdür. Ona görə də statistikadan qorxub, “Doosan Arena”ya “cəhənnəm” gözü ilə baxmağa gərək yoxdur.
Onsuz da “Qarabağ” rəqibləri üçün qorxulu röyaya çevrilməyi bacarıb. Ümid edək ki, avqustun 23-də “Viktoriya”nın uğur sindromuna elə ağdamlılar son qoyacaq.
HƏBİB / SPORTİNFO.AZ

