2008-ci ildə «Neftçi»nin sabiq vitse-prezidenti postundan Peşəkar Futbol Liqasının (PFL) prezidenti vəzifəsinə gətirilən Ramin Musayevin 14 illik fəaliyyəti başa çatdı.
Artıq bu qurumun yeni rəhbəri var – Elxan Səmədov.
PFL tarixinin ikinci prezidentinin kimin kadrı olması, niyə məhz onun adıçəkilən təşkilatın başına gətirilməsi başqa araşdırmanın mövzusudur.
Bizə o məlumdur ki, Ramin Musayev öz istəyi, yaxud səhhəti ilə əlaqədar PFL-dən ayrılmayıb. Belə bir niyyəti əvvəldən olmayıb.
Həqiqətən o, iş yerini tərk etmək fikrinə düşsəydi, səhhətindəki problemlərin kritik həddə çatdığı dönəmdə bu addımı atardı.
Hansı ki, həmin vaxt həkimlər iş həyatı ilə vidalaşmağı təkidlə məsləhət görürdü. Ancaq Musayev onda ondan istəniləni etmədi, indi isə sağlıq durumu əvvəlki aylarla müqayisədə normaldır.
Bu qərar bir neçə saniyənin içində verilib. «Qarabağ»la birgə İsveçrəyə yollanan Musayev Sürix şəhərində olarkən, iyulun 28-də Rövnəq Abdullayevdən ona zəng gəlib.
AFFA prezidenti Bakıya qayıdarkən, istefa ərizəsi yazması barədə tapşırıq verib. Abdullayev səbəb göstərməsə də, bildirib ki, dəyişiklik barədə fikir «yuxarılar»a məxsusdur və onu müzakirə etməyə dəyməz.
Bu zəngin AFFA-nın sabiq icraçı vitse-prezidenti və baş katibi Elxan Məmmədovun İsveçrədən ayrılmağa hazırlaşdığı günə təsadüf eləməsi də maraq doğurur.
Belə ki, maydan FİFA-nın Paris ofisində fəaliyyət göstərən Elxan Məmmədovun Fransadan bu ölkəyə səfərində məqsədi beynəlxalq qurumun prezidenti Canni İnfantino ilə görüşmək, həmçinin onunla bərabər «Sürix» - «Qarabağ» qarşılaşmasını VİP-lojadan izələmək olub.
Di gəl, E.Məmmədov burada gözlədiyi münasibətlə qarşılaşmayıb. AFFA-nın keçmiş «boz kardinal»ını olduğu məkanda ciddiyə alan tapılmayıb, diqqətdən kənarda qalıb.
Təbii ki, bu da 15 ilə yaxın müddətdə AFFA-nı təkbaşına idarə eləmiş eks funksionerin xoşuna gəlməyib və belə demək mümkünsə, pərt vəziyyətdə Fransaya qayıdıb – oyunun başlamasını gözləmədən.
SPORTİNFO.AZ

