4 illik ayrılıqdan sonra Premyer Liqaya qayıdan “Kəpəz”in başı yenə dərddədir.
Ölkə çempionatının yüksək liqasında mübarizə aparacaq komanda stadion problemi ilə üzləşib.
Gəncə şəhər stadionunda aparılan təmir-bərpa işləri, üstəgəl, tribunaların qəzalı vəziyyətdə olması Peşəkar Futbol Liqasını və Fövqəladə Hallar Nazirliyini diqqətli olmağa məcbur edir.
İş burasınadır ki, komanda üzvləri üçün paltardəyişmə otaqları, eləcə də baş məşqçilərə mətbuat konfransı üçün konfrans otağı hələ ki, hazır deyil.
Lakin rəsmilər bunu hansısa şəkildə aradan qaldırmağa çalışır. VİP-loja ilə media sektordan da söhbət gedə bilməz. 90-cı illərdəki vəziyyətdə hazırda Gəncədəki durumdan yaxşı görünür.
AFFA-ya yaxın mənbədən aldığımız məlumata görə, bu və digər çatışmazlıqlara rəğmən, PFL “Kəpəz”in “Zirə”ni doğma meydanda qəbul etməsi ilə bağlı qərar verəcək.
Hətta bu haqda məlumat Gəncə təmsilçisinin rəsmilərinə çatdırılıb. Çempionatın açılış turundakı sözügedən oyun Gəncə şəhər stadionunda baş tutacaq. Bu, dəqiqdir.
Dəqiq olmayan isə arenaya azarkeşlərin buraxılıb-buraxılmayacağıdır. Tribunalar onsuz da illərdir qəzalı vəziyyətdir.
Üstəlik, 2020-ci ildə Qarabağ müharibəsi zamanı Gəncəyə atılan raketin stadiona yaxın əraziyə düşməsi nəticəsində tribunada gözlə görünən çatlar əmələ gəlib.
Fövqəladə Hallar Nazirliyinin əməkdaşları ərazini nəzarətdən keçirəndən sonra qərar verməlidir ki, bu yöndə sakitlikdir.
Ehtimal olunur ki, nazirlik stadiona müəyyən olunmuş sayda fanatın daxil olmasına icazə versin. Ondan o tərəfə yox. Lakin bununla bağlı da qərar yoxdur. İndiki an üçün bilinən “Kəpəz”in Premyer Liqadakı ilk oyununu Gəncədə keçirəcəyidir.
HƏBİB / SPORTİNFO.AZ

