“Biz hələ komandanı tam formalaşdırmamışıq”.
Bu sözləri Sportinfo.az-a açıqlamasında “Turan Tovuz”un idman direktoru Nadir Nəbiyev deyib.
9 illik fasilədən sonra Premyer Liqaya qayıdan, Ayxan Abbasovu baş məşqçi postuna gətirən qərb klubu yay transfer bazarını hərəkətli keçirib.
Bölgə təmsilçisi indiyədək 10-dan artıq yeni futbolçu ilə müqavilə bağlayıb:
Kamal Bayramov, Şəhriyar Əliyev, Tərlan Quliyev (hər üçü “Şamaxı”), Tərlan Əhmədli (Sumqayıt), Veysəl Rzayev, Şakir Seyidov (ozh ikisi “Sabah”, icarə), Turan Vəlizadə, Xəyal Nəcəfov (hər ikisi “Neftçi”, icarə), Eltun Turabov (“Sumqayıt”), Ehtiram Şahverdiyev (“Qəbələ”), İmeda Aşortia (“Telavi”, Gürcüstan), Piruz Marakvelidze (“Telavi”, Gürcüstan), Cavid Tağıyev (“Səbail”), Ayxan Hüseynov (“Zenit”, Rusiya), Vüsal Məsimov (“Kəpəz”).
N.Nəbiyev heyəti gücləndirmək yolunda fəaliyyəti davam etdirəcəklərini söyləyib:
“Bizə bundan sonar azı 2 yeni transfer lazımdır. Yəqin ki, onlar da legioner olacaq.
Baş məşqçi hansı mövqelərə transfer lazım olduğunu bizə bildirib. Açığı, rayon komandasına kənardan oyunçu gətirmək çətindir.
Həm çox pul istəyirlər, həm də əyalət olduğu üçün gəlmirlər. Neçə legioner olub ki, məhz bu səbəblərdən son anda müqaviləyə imza atmaqdan imtina edib.
Yerli futbolçularla bağlı belə bir problemimiz yoxdur”.

