“Neftçi”dən 8 qol, “Araz-Naxçıvan”dan çətin qələbə

24 Noyabr 2023 02:10 Futzal 792
“Neftçi”dən 8 qol, “Araz-Naxçıvan”dan çətin qələbə

Futzal üzrə Yüksək Liqada 8-ci turun oyunları keçirilib.

Sportinfo.az xəbər verir ki, ilk matçda liderlə ən yaxın izləyicisi qarşılaşıb.

Ötən tur “Neftçi”yə məğlub olan “Araz-Naxçıvan”ın həm də iki üzvü cəzalı duruma düşmüşdü. Lukas Romao və Emin Kürdov qırmızı vərəqə aldığına görə, komandasına kömək edə bilmirdi.

Katatau isə əvvəlki turlarda analoji vəziyyətlə qarşılaşmışdı. Hesabı lider açdı. 10-cu dəqiqədə Dannilo rəqib torunu silkələdi.

“Qırmızı-ağlar” fasiləyə qədər üstünlüyünü 2 topa çatdırdı. Amadeu adını tabloya yazdırdı. İkinci hissəyə də “Araz-Naxçıvan” qolla başladı.

Bu dəfə Orucun avtoqolu işə yaradı. Düzdür, Baxşəlizadə 1 dəqiqə sonra rəqib qapısına da yol tapdı.

Amma fərqin növbəti dəfə artması üçün çox gözləməyə ehtiyac qalmayıb. Amadeu dubl müəllifi oldu.

Oyunun başa çatmasına 5 dəqiqə qalmış “Baku Fire” azlıqda qaldı. Fərid Ələkbərov ikinci sarı-qırmızı vərəqə alaraq meydanı tərk edib.

Amma son çempion say üstünlüyündən yararlana bilmədi. Əksin, sonuncu dəqiqədə 2 qol vurmaqla fərqi minimuma endirdi.

Ötən tur “Araz-Naxçıvan”ı məğlub edən “Neftçi” bu dəfə “Record”la üz-üzə gəlib.

Fasiləyə qədər 4 cavabsız top vuran “ağ-qaralar” üstünlüküyün ikinci hissədə də davam etdirib. Qazanılan 3 xal “Neftçi”ni ikinci pilləyə yüksəldib.

Turun son oyunu daha gərgin keçib. “Yasamal Bakı” birinci hissədə üstünlük qazansa da, ikinci hissədə gənclər hesabı bərabərləşdirməklə kifayətlənmədi, bir neçə dəfə önə keçdi.

Yekunda isə xallar yarı bölündü. Bu komandaların birinci dövrədəki oyununda da qalib müəyyənləşməmişdi.

“Baku Fire” – “Araz-Naxçıvan” 3:4
Qollar: Oktay Rüstəmli, 23:20; 38:36. Kənan Manafov, 39:56 – Erik Dannilo, 9:15. Amadeu, 11:24; 26:23. Oruc Baxşəlizadə, 22:07-öz qapısına.
Hakimlər: Hikmət Qafarlı, Ceyhun Hüseynov, Rza Məmmədov.
Hakim-inspektor: Azad Hüseynov.
Bakı. “Olimpik Star”.

“Neftçi” İK – “Record” 8:1
Qollar: Reza Abgoun, 2:06; 31:16; 38:58. Amir Şocaei, 8:36; 16:05. Əjdər Əjdərov, 19:49; 26:44. Ülvi Əliyev, 38:40 – Poriya Khişavangi, 35:54.
Hakimlər: Hacıəli Ağayev, Anar Fərəcov, Knyaz Əmiraslanov.
Hakim-inspektor: Füzuli Nəcəfov.
Bakı. “Olimpik Star”

“Yasamal Bakı” – U-19 9:9
Qollar: Anar İsayev, 5:01. Rüstəm Bağırov, 8:07; 30:24. Adil İsmayılov, 9:00; 38:05. Emil İskəndərov, 11:09. Tofiq Məlikov, 13:56. Ayxan Məmmədov, 29:35. Qüdrət Qasımzadə, 37:00-öz qapısına – Qüdrət Qasımzadə, 11:39; 36:00. İlham Alıyev, 12:48; 17:46; 26:21, Bəyoğlan Vəlizadə, 21:56; 29:53; 30:55; Rüfət Məmmədli, 24:00.
Hakimlər: Ramil Namazov, Hidayət Feyzullayev, Əli Cəbrayılov.
Hakim-inspektor: Ramiz Əsədov.
Bakı. “Olimpik Star”

Xəbər Lenti