"Rusiya qrupumuzun favoritidir" - MİLLİMİZİN BAŞ MƏŞQÇİSİ

7 Noyabr 2019 19:26 Futzal 532
"Rusiya qrupumuzun favoritidir" - MİLLİMİZİN BAŞ MƏŞQÇİSİ

Bu gün DÇ-2020-nin elit-raundunun püşkü atılıb. Sportinfo.az xəbər verir ki, futzal üzrə milli komandamız yanvarın 27-dən fevralın 5-dək keçiriləcək oyunlarda Rusiya, Slovakiya və Xorvatiya ilə qarşılaşacaq.

Elit-Raundun oyunları Xorvatiyada təşkil ediləcək. Yığmamızın baş məşqçisi Joze Alesio Da Silva püşklə bağlı Futzal Federasiyasının rəsmi saytına açqlama verib:

Qrupumuzda yer alan komandalardan ikisi ilə bu il artıq qarşılaşmışıq. Söhbət Rusiya və Slovakiyadan gedir. Rusiya ilə sentyabrda “Caspian Cup” beynəlxalq turnirdə, Slovakiya millisiylə oktyabrda DÇ-2020-nin əsas mərhələsinin oyununda gücümüzü sınamışıq. Əlbəttə, Rusiya millisi qrupumuzun favoritidir. Slovakiya və Xorvatiya isə ikinci yer uğrunda mübarizə aparacaq.

Rəqiblərimizi ayrı-ayrılıqda xarakterizə etsək, deyərdim ki, Rusiya daim dünya və Avropa çempionatlarının final mərhələsində oynamağa alışıb. Təbii ki, yenidən bu vəsiqəyə sahib çıxmaq üçün hazırlaşacaqlar. Xorvatiya isə ev sahibi olacaq. Bu onlar üçün əlavə üstünlükdür. Slovakiyanı ötən ay Bakıda məğlub etsək də, güclü rəqib olduqlarını qeyd etməliyəm. Ümumiləşdirsək, rəqiblərimizlə mübarizə aparmaq olar”.

Hazırlıq planı ilə bağlı isə baş məşqçi bunları qeyd edib:

“Normal qrupda yer almışıq. Komandaların hər birinin bu vəsiqəni qazanmaq şansı var. Artıq kimin necə hazırlaşmasından çox şey asılıdır. Yaxın günlərdə Futzal Federasiyasının prezidenti Zaur Axundovla görüşəcəm və hazırlıq planını ona təqdim edəcəm. Dekabrda FİFA-nın oyun pəncərəsi var. Bundan istifadə etmək istərdik. Amma yanvarda uzunmüddətli toplanış təşkil etməli və bir neçə yoldaşlıq oyununda gücümüzü sınamalıyıq. Ona qədər heyətimizi də tam komplektləşdirməliyik. Zədəli oyunçularımızdan Kardoso Everton artıq sağalıb və komandasının oyunlarında iştirak edir. Hətta ötən gün qol da vurub”.

Şanslarla bağlı da danışan baş məşqçi bunları deyib:

“Əlbəttə, vacib olan final mərhələsinə vəsiqə qazanmaqdı. Bunu qrup birincisi kimi bacaracağıq, yoxsa pley-off yolu ilə, bunu oyunlar və nəticələr göstərəcək. Bütün rəqiblərimizə hörmətlə yanaşırıq. Vacib olan düzgün, yaxşı hazırlıq keçmək və futzalçılarımızın zədədən uzaq olmasıdır”.

Xəbər Lenti