"Mümkün variantları nəzərdən keçirəcəyik, alınsa, transferlər edəcəyik"

29 Dekabr 2023 12:40 Futzal 745
"Mümkün variantları nəzərdən keçirəcəyik, alınsa, transferlər edəcəyik"

"Sevindirici məqamlardan biri iki oyunçumuzun Azərbaycan millisinə dəvət alması, Rumıniya və Niderlanda qarşı görüşlərdə iştirak etməsi oldu.

Çalışacağıq ki, bu göstərici tədricən artsın".

Sportinfo.az xəbər verir ki, bunu futzal üzrə Yüksək Liqada iştirak edən "Baku Fire" komandasının baş məşqçisi Teymur Eyvazov Azərbaycan Futzal Federasiyasının mətbuat xidmətinə açıqlamasında deyib.

Mütəxəssis 2023/2024 mövsümünün ilk yarısı başa çatsa da, komandasının istirahətə yollanmadığını bildirib:

"Oyunlar olmasa da, hazırda məşqlərimizi davam etdiririk. Futzalçılarımızın formada qalması üçün həftədə 4 dəfə zalda məşqlər keçirik.

Arxada qalan 9 oyunda axsadığımız məqamları gördük. Fasilədən sonraya daha hazırlıqlı olmağı planlaşdırırıq və bu səbəbdən yanvarın ilk günlərindən başlayaraq Bakıda təlim-məşq toplanışımız olacaq.

Komandada əhval-ruhiyyə yüksəkdir, bunu məşqlər zamanı verilən tapşırıqların necə həvəslə yerinə yetirilməsindən də görürük".

Eyvazov əsas rəqiblərindən bir oyun az keçirdiklərini xatırladıb:

"Həmin matçda qələbə qazanıb çempionatın qalan görüşlərini də yüksək səviyyədə keçirmək, bu mövsümü arzu etdiyimiz və layiq olduğumuz yerdə tamamlamaq istəyirik.

Heyətimizi də gücləndirməyə çalışacağıq. Mümkün variantları nəzərdən keçirəcəyik, alınsa, transferlər edəcəyik”.

"Baku Fire" Yüksək Liqada 18 xalla üçüncü pillədə qərarlaşıb. Komanda ötən mövsüm çempionatda bürünc medal qazanmaqla yanaşı, həm də Azərbaycan Kubokunun qalibi olub.

Xəbər Lenti