
Azərbaycanın minifutbol yığmasının baş məşqçisi Elşad Quliyev Monteneqro və Slovakiyada keçirdikləri təlim-məşq toplanışını dəyərləndirib.
Sportinfo.az xəbər verir ki, mütəxəssis “report”a açıqlamasında toplanış çərçivəsində iştirak etdikləri Millətlər Liqası oyunlarının nəticələri ilə bağlı danışıb.
O, komandanın özünü yaxşı tərəfdən göstərdiyini bildirib:
“16 günlük təlim-məşq toplanışı ərzində fikrimiz hər hansı bir turniri qazanmaq deyildi. Bütün uşaqlara şans verib əsas heyəti formalaşdırmaq istəyirdik.
Zəif tərəflərimizi üzə çıxarmağa çalışırdıq. İnanıram ki, yaxşı oyunlar keçirdik
. İki final oynadıq, uşaqlar özlərini yaxşı tərəfdən göstərə bildilər. Bu futboldur, son saniyələrdə də qol buraxa bilirsən.
Ümid edirəm ki, Bakıda keçiriləcək dünya çempionatında daha güclü və qalib komanda görəcəksiniz”.
Azərbaycan yığması toplanış zamanı iki beynəlxalq turnirdə iştirak edib. Monteneqroda keçirilən yarışın qalibi olan komanda Slovakiyada təşkil edilən Millətlər Liqasında ikinci yeri tutub.
Dünya çempionatı 21 may - 1 iyun aralığında keçiriləcək. Yarışın açılış mərasimi mayın 21-də, saat 19:00-da Milli Gimnastika Arenasında start götürəcək.
Açılış mərasimində türkiyəli məşhur müğənni Aleyna Tilki və Azərbaycanın Xalq artisti Aygün Kazımova çıxış edəcəklər.
Azərbaycan yığması 32 komandanın iştirak edəcəyi mundialın A qrupunda Sloveniya, Mavritaniya və Bəhreynlə mübarizə aparacaq.