COP29

"Bəlkə də..." - Azərbaycan millisinin baş məşqçisi

30 Oktyabr 04:00 Futzal 296
"Bəlkə də..." - Azərbaycan millisinin baş məşqçisi

"Məqsədimiz AÇ-2026-nın əsas mərhələsinin oyunlarına hazırlaşmaqdır".

Sportinfo.az xəbər verir ki, bunu “report”a açıqlamasında Azərbaycanın futzal millisinin baş məşqçisi Vitali Borisov deyib.

O, Bosniya və Herseqovina ilə səfərdə keçirəcəkləri yoldaşlıq oyunları barədə danışıb:

“Rəqibin oyunlarını görmüşük. Digər Balkan komandaları kimi atletik oyunçulara malikdirlər. Ucaboy, texnikalı futzalçılardır. Bəlkə də zəif tərəfləri cəld olmamalarıdır. Buna baxmayaraq, fiziki cəhətdən güclüdürlər. Birəbir mübarizələrdə çox yaxşıdırlar. Üstəlik, heyətdə yer alanlardan 8-9-u uzun müddətdir birlikdədir və gəncdirlər. Məqsədimiz AÇ-2026-nın əsas mərhələsinin oyunlarına hazırlaşmaqdır. Bütün futzalçılara şans verməliyik”.

42 yaşlı mütəxəssis səfər planını açıqlayıb:

“Hazırda Azərbaycan Yüksək Liqasında III turun oyunları davam edir. Futzalçıların oyun praktikaları artır. Yəqin ki, səfərə yollanacaq heyət axşam bəlli olacaq. Sabah isə yola düşəcəyik və 4 gün təlim-məşq toplanışı keçəcəyik. Bosniya və Herseqovina ilə noyabrın 4-ü və 5-də yoldaşlıq görüşlərində gücümüzü sınayacağıq”.

Qeyd edək ki, Azərbaycan millisi AVRO-2026-nın əsas mərhələsində ilk oyununu dekabrın 17-də Bakıda İsveçə qarşı keçirəcək. Yanvarın 31-də Xorvatiyanın qonağı olacaq milli fevralın 4-də Yunanıstanı qəbul edəcək. Martın 11-də səfərdə Yunanıstan, aprelin 11-də İsveçlə görüşlər baş tutacaq. Sonuncu qarşılaşma isə aprelin 15-də evdə Xorvatiyaya qarşı olacaq.

Reqlamentə əsasən, qrup qalibləri birbaşa final mərhələsinə vəsiqə qazanacaq. Ən yaxşı göstəriciyə malik qrup ikincilərindən 8-i isə pley-offda üz-üzə gələcək. Qalib gələn 4 milli final mərhələsində oynamaq hüququ qazanacaq.

Final mərhələsi 2026-cı ilin yanvar-fevral aylarında Latviya və Litvada təşkil olunacaq.

Digər Xəbərlər
Xəbər Lenti