İlk hissədə iranlı, ikincidə azərbaycanlı oyunçular qələbə çaldı… FOTO

16 Mart 15:00 Futzal 283
İlk hissədə iranlı, ikincidə azərbaycanlı oyunçular qələbə çaldı… FOTO

Azərbaycanın futzal üzrə yüksək liqasında 16-cı turun mərkəzi oyununda turnir cədvəlində 33 xalla 2-ci pillədə qərarlaşan "Baku Fire" və 32 xalla 3-cü sırada yer alan "Neftçi" üz-üzə gəldi.

Qeyd etməliyik ki, tribunalarda yer alan azerkeşlər oyuna gözəl kolorit qatdı.

Heyətində bir neçə iranlı legioner olan "Neftçi" oyuna daha aktiv başladı. Artıq 11-ci saniyədə Soruş Heydəri hesabı açdı.

1 dəqiqə sonra Alireza Bayat hesab arasındakı fərqi 2 topa çatdırdı. Belədə qapıçısını da əlavə oyunçu kimi meydançaya buraxan "Baku Fire" topa daha çox nəzarət etsə də, növbəti qol 20-ci dəqiqədə yenə "Neftçi"dən gəldi,

Amir Şojaei fərqləndi və ilk hissə 3:0 hesabı ilə "Neftçi"nin xeyrinə başa çatdı.

İlk hissədə iranlı, ikincidə azərbaycanlı oyunçular qələbə çaldı… FOTO

İkinci hissə başlayan kimi "Baku Fire" tez-tez oyunçu dəyişikləri etməklə, var qüvvəsi ilə irəli atıldı. 22-ci dəqiqədə bu səylər öz bəhrəsini verdi.

Kənan Manafov fərqləndi. Vurulan qoldan ruhlanan "Baku Fire" çox keçmədən hesab arasındakı fərqi 1 topa endirdi.

25-ci dəqiqədə vurulan topu Tofiq Mikayılov öz aktivinə yazdırdı. Bununla kifayətlənməyən "Baku Fire" bir neçə epizodda bərabərlik qoluna yaxın oldu, lakin rəqib qapıçı və müdafiəçilər buna imkan vermədi.

İki dəfə bütün komanda ilə irəli atılan "Baku Fire"nin boş qapısına vurulan zərbələr çox az fərqlə meydanı tərk etdi.

Hər şeyə rəğmən, "Baku Fire" ən azı 1 xal ümidini sona qədər üzmədi. 38-ci dəqiqədə Oktay Rüstəmli rəqib müdafiəçidən dönən topu yaxın məsafədən qapıdan keçirərək, hesabı bərabərləşdırdi.

Qalan 2 dəqiqədə hər iki tərəf qələbə topunu vurmağa çalışsa da, mücadilə 3:3 hesabı ilə yekunlaşdı.

Bu heç-heçədən sonra komandaların turnir cədvəlindəki vəziyyəti dəyişmədi.

Elədir, "Baku Fire" azərbaycanlı, "Neftçi" iranlı oyunçuların oylağı kimi liqaya damğa vurmağa çalışır. Halbuki iki komandanın büdcəsi arasında çox ciddi fərq mövcuddur.

"Neftçi"nin imkanları onlarla müqayisədə qat-qat genişdir, amma bu, meydançada öz əksini tapmırsa… Deməli, "Baku Fire" ölkənin futzal ailəsinə bir köynək daha yaxın, daha doğmadır.

SPORTİNFO.AZ

Xəbər Lenti
26 Aprel 18:10 Çək və bizə göndər!