"Elə bilirlər ki, oynayacaq və böyük futboldan yaxşı pullar qazanacaq"

22 Dekabr 2023 03:50 Futzal 657
"Elə bilirlər ki, oynayacaq və böyük futboldan yaxşı pullar qazanacaq"

Futzal millimiz ötən gün DÇ-2024-ün elit-raund mərhələsində son oyununu keçirdi.

Səfərdə Niderland yığması ilə qarşılaşan Vitali Borisovun rəhbərlik etdiyi yığma 0:3 hesabı ilə məğlub oldu.

Bu nəticədən sonra qrup sonuncusu olan komanda növbəti mərhələyə adlaya bilmədi. Halbuki son iki oyunda qələbə qazanacağı təqdirdə millimiz növbəti mərhələyə çıxmaq şansı əldə edə bilərdi. Bəs niyə komanda uğurlu çıxış edə bilmədi?

Sportinfo.az xəbər verir ki, millinin sabiq üzvü Rəcəb Fərəczadə qaynarinfo-ya açıqlamasında komandanın durumu ilə bağlı fikirlərini bildirib:

"Vitali ilə danışmışdım. Özü də çətin olacağını demişdi. Bildiyimə, görə bir neçə əsas futzalçımız - braziliyalılar yox idi. Yerlilər də təcrübəsizdirlər, o səviyyəni görməyiblər. Sadəcə, Vitaliyə şans vermək lazımdır. Hazırda komanda ideal formada deyil, yəqin ki belə olsa, nəticə də qazanardılar. İdeal formadan uzaqdadırlar, həm də çoxlu dəyişikliklər olub. Açığı, oyunçu qıtlığı var. Vitalinin yerinə kimi gətirsələr, eyni nəticələr qazanacaqdı. Bunu icra edən oyunçu yoxdursa, nə qədər başa salsan da, mümkün olmayacaq. Bu yaxınlarda Arda Turanın bir müsahibəsini oxudum. Bilirsiniz ki, "Mançester Siti" pressinqdən qapıçı vasitəsi ilə çıxır. Türkiyə klublarından biri də bunu etmək istəyir. Arda deyir ki, pressinqdən çıxan futbolçunun qiyməti 30-40 milyon avrodur. Sənin futbolçunun qiyməti isə bir milyondur. Səviyyə fərqi bilinir. İnanın ki, son iki oyunda Vitalinin komandası qələbə qazansaydı belə, heç nə dəyişməyəcəkdi".

Fərəczadə şanslarımızın az olduğunu da bildirdi:

"Rumıniya möhkəm komandadır. Niderlandı da udmaq olardı. Bu heyətlə, dəyişikliklərlə çətin məsələ idi. Çünki Vitali özü də baş məşqçi kimi yenidir. Mən də bilirdim ki, belə olacaq, özünə demişdim. Ona vaxt verilməlidir, həm də heyətə cavan futbolçular dəvət olunmalıdır".

O, niyə ölkədə futzalçı yetişməməsi ilə bağlı sualı belə cavablandırdı:

"Bu, təkcə millinin baş məşqçisinin, Futzal Federasiyasının prezidentinin işi deyil. Futzala maraq yoxdur, uşaq gəlmir. Bu bir növ valideynlərdən asılıdır. Valideynlər uşağı futbola pul qazanmaq üçün qoyurlar. Elə bilirlər ki, oynayacaq və böyük futboldan yaxşı pullar qazanacaq. 15 il irəlini düşünürlər. Heç kim futzala uşaq göndərmək istəmir. Rusiyada "Viz-Sinara" adlı komanda var, Yekaterinburq şəhərini təmsil edir. Orada olanda bizim məşq etdiyimiz meydançanın yanında başqa bir meydança var idi. Sırf futzal üçün düz 11-dən 17 yaşa qədər komandalar orada məşq keçirdi. Hər qrupda ən azı 20 uşaq olurdu. Maraqlandım, dedilər ki, təkcə bunlarla yekunlaşmır. Həftənin tək və cüt günlərində müxtəlif uşaqlar gəlirlər. Yəni, 11 yaşlılardan ibarət komandada 60-a yaxın uşaq olurdu. Ümumilikdə 17 yaşa qədər olan qrupları da nəzərə alsaq, bir klubda 400-500 uşaq məşq edirdi. Rusiya çempionatında beş il əvvəl topdaşıyan uşaqlar, indi millidə oynayırlar. Anlamaq lazımdır ki, futzalla böyük futbol başqa idman növləridir. 19 yaşıma qədər böyük futbol oynayım, topu ayağımın içi ilə saxlamağı öyrənim, sonra birdən-birə futzala gəlim. Ola bilər haradasa alınsın. Amma baza olmayacaq. İndi heç bir oyunçu Vitali ola bilməz. O tamam başqa səviyyədir, texnikadır. Futzalda tez düşünməlisən. Böyük futbolda oynayan dostlarla futzal oynayanda biz onlardan daha çox qaçırıq. Halbuki onlar bizdən fiziki cəhətdən güclü olmalıdır. Futzalda və böyük futbolda tam başqa yüklənmə olur. Futzal daha ağırdır, heç kim 3-4 dəqiqədən çox oynaya bilmir, dərhal əvəzləmə olur. Ona görə də dedim ki, bu bir neçə nəfərin işi deyil. Hər şey köklü şəkildə olmalıdır. 17 yaşdan sonra futzala gəlirlər, biz də onları aparırıq beynəlxalq yarışlara. Onlar nə edəcək ki? Futzal məktəbi mütləq olmalıdır. Yoxsa inkişaf mümkün deyil".

Futzalçı milinin sabiq baş məşqçisi Alesionun dönəmini xatırlasa da, artıq özümüzün yol seçməli olduğunu bildirib:

"Alesio gəldi, getdi. Pis-yaxşı nəticə verdi. Braziliyalıları oynatdı. Hamısını bilirəm, o dönəmin canlı şahidi olmuşam. Həmin komandada oynamışam və Alesionun braziliyalılara necə dəstək veridiyini görmüşəm. Hətta məni də onlara görə ehtiyatda saxlayırdı, oynatmırdı. Biz artıq bu mərhələni keçmişik. Alesio da yoxdur. Özümüz nəsə etməliyik. Vitaliyə şans verilməli, biz də dəstək olmalıyıq. Futzala uşaq axını olsun. Yoxsa o heç nə edə bilməyəcək. İndi bildiyimə görə, limitləri də sərtləşdiriblər. Yığmaya dəvət olunan legioner ən azı beş il ölkədə yaşamalı və oynamalıdır. İnanın ki, bu heyətlə Alesio da heç nə edə bilməzdi. Çünki baxıram, Nihatdı, Oqtaydı - hamısı təcrübəsizdir. 15-16 il millidə oynamışam. Azərbaycan çempionatında rəqibləri rahat məğlub edirdik. Amma beynəlxalq oyuna çıxanda ürəyimiz ağzımıza gəlirdi. Çünki temp, sürət başqadır. İndi "Qarabağ" necə əziyət çəkir? Azərbaycan çempionatında rahat oynayır. Dörd-beş oyun uduzmayan "Sumqayıt"a altı qol vurdular. Bir ay yüngül tempdə oynayırlar, daha sonra "Bayer", "Molde", "Frayburq" kimi komandaların qarşısına çıxırlar. Uşaq oynamalıdır, görməlidir. Oğlum "Neftçi"də idi, amma istedadlı olmasına baxmayaraq, az şans verirdilər. "Neftçi"dən çıxarıb başqa kluba qoydum ki, oynasın. İnsanlar səhv edə-edə oynamağı öyrənirlər. Tofiq Mikayılov keçən ilə qədər mini futbolda, ondan iki iləvvəl də böyük futbolda idi. İndi də futzal millisindədir. Belədə Vitalidən biz nə istəyə bilərik? Bu o deməkdir ki, futzalçı qıtlığı yaşayırıq".

Xəbər Lenti
28 Aprel 20:00 Çək və bizə göndər!
28 Aprel 02:50 Başını dik tut, Nicat!
28 Aprel 02:30 “Buna görə uduzduq"