"Səhvlərə yol verdik ki..."

27 Noyabr 2023 11:20 Futzal 348
"Səhvlərə yol verdik ki..."

“Texniki və xırda səhvlərə yol verdik ki, bunları aradan qaldırmalıyıq.

Həmin səhvlər bu cür gərgin oyunlarda üzə çıxır”.

Sportinfo.az xəbər verir ki, bunu 19 yaşadək futzalçılardan ibarət Azərbaycan millisinin baş məşqçisi İlqar Aslanov Ulu Öndər Heydər Əliyevin anadan olmasının 100 illiyi ilə əlaqədar təşkil edilən beynəlxalq turnirdə Belarusa 1:3 hesabı ilə məğlub olduqları oyunla bağlı danışarkən deyib.

Mütəxəssis AFFA-nın təşkilatçılığı ilə baş tutan turnirdəki çıxışları barədə Azərbaycan Futzal Federasiyasının mətbuat xidmətinə fikirlərini bölüşüb:

“Bu cür oyunlar gənc futzalçıların təcrübə qazanmaları baxımından çox vacibdir. Belə turnirlər tez-tez təşkil olunmalıdır.

Belarusla avqustda Minskdə də qarşılaşmışdıq və 1:7 hesabı ilə yenilmişdik. Bu dəfə hesab sona yaxın 2:1 rəqibin xeyrinə olan zaman qapıçını meydan oyunçusu ilə əvəzlədik.

Təəssüf ki, ani səhvimiz qolla nəticələndi və 1:3 hesabı ilə uduzduq. Ancaq uşaqlarda özünəinam artıb, əvvəlki görüşlə müqayisədə irəliyə doğru addım atdıqlarını görürük. Əlbəttə, narazı qaldığım məqamlar oldu”.

U-19-un baş məşqçisi turnir çərçivəsində Mərakeşlə keçiriləcək növbəti turun matçı barədə də danışıb. O, qarşıdakı rəqibi daha güclü hesab edir:

“Bəzi futzalçılarımız daha inamlı idilər. Bu da onların təcrübələrini artırmasından qaynaqlanır.

Qarşıda Mərakeşlə oyunumuz var. Onlar daha güclü rəqibdirlər.

Oyunlarına baxıb, müəyyən təhlillər edəcəyik. Bu cür turnirlər təcrübə toplamaq, oyunçuların öz yaşıdlarıyla müqayisədə axsadıqları məqamları üzə çıxarmaq baxımından çox əhəmiyyətlidir”.

Noyabrın 28-də Bakı İdman Sarayında keçiriləcək Azərbaycan - Mərakeş oyunu saat 17:00-da başlayacaq.

Xəbər Lenti
28 Aprel 20:00 Çək və bizə göndər!
28 Aprel 02:50 Başını dik tut, Nicat!
28 Aprel 02:30 “Buna görə uduzduq"