"Heç bir sürpriz yoxdur"

12 Sentyabr 2023 08:20 Futzal 430
"Heç bir sürpriz yoxdur"

Sportinfo.az xəbər verir ki, futzal millimiz DÇ-2024-ün elit-raund mərhələsi çərçivəsində Rumıniya yığması ilə qarşılaşacaq.

Sentyabrın 15-də keçiriləcək matçla bağlı millimiz hazırlığa start verib.

Elit-raund mərhələsində Rumıniya ilə yanaşı, Qazaxıstan və Niderlandla da mübarizə aparacaq millimizin baş məşqçisi Vitali Borisov qaynarinfo-ya açıqlamasında komandasının hazırlığından danışıb, şansları dəyərləndirib:

"Ab-hava yaxşıdır. Legionerlərdən ikisi dünən gəlib. İkisi də bu gün gəlməlidir. Bu gündən otelə yerləşib, ikigünlük təlim-məşq toplanışına start vermişik.

Həftənin ikinci günü Rumıniyaya yollanacağıq. Heyətə gəlincə, zədələrlə bağlı müəyyən narahatlıqlar var. Amma zədəli futzalçılarımız oyuna qədər hazır olacaq”.

Borisov şansları da dəyərləndirib və Rumıniya millisini analiz etdiklərini də deyib:

"Şansları faiz nisbətilə 50-50-yə dəyərləndirərdim. Hər komanda oynaya bilir. Rəqibi analiz etmişik, yaxşı komandadır. Braziliyadan və İspaniyadan olan 4-5 legionerləri var. Evdə oynayırlar, aqressiv komandadır. Heyətlərində keyfiyyətli futzalçılar var. Həm pressinq edirlər, həm müdafiədən oynayırlar. O da baxır meydançaya hansı "dördlük” çıxacaq. "Stolba” və ya başqa taktika ilə oynayan "dördlük” olur. Baxır meydana hansı futbolçular çıxacaq”.

Millimizin keçmiş üzvü rəqibə hər hansı sürpriz hazırlamadığını bildirib, bununla yanaşı, DÇ-2024-ün elit-raund mərhələsindəki perspektivimizdən danışıb:

"Heç bir sürpriz yoxdur. Meydana çıxmaq, oynamaq və qələbə qazanmaq lazımdır. Qrupumuza gəlincə, Niderlandın heyətində ərəb ölkələrindən futzalçılar var. Məşqçiləri də yaxşıdır, dostumuzdur. Rusiyada birlikdə çalışmışıq. Qazaxıstan isə Avropanın dördüncü ən güclü komandasıdır. Qazaxıstan inkişafdadır, biz hazırda Rumıniya haqda düşünürük. Daha sonra diqqətimizi Niderlandla oyuna yönəldəcəyik. Qazaxıstanı daha güclü rəqib sayıram. Daha yaxşı formalaşmış komandadır, futzalçılar neçə ildir birlikdə oynayırlar. Legionerləri, əla məşqçiləri var. Beş braziliyalı legioneri var. Niderland da yaxşı komandadır. İndi Avropada zəif rəqib qalmayıb. Hamısı oynaya bilir, inkişaf edirlər. Dörd komandanın da qrupdan çıxmaq şansı bərabərdir”.

Xəbər Lenti