"Komandamıza hər mövqedə “ağalıq” edə bilən oyunçular cəlb olunub"

23 Avqust 2023 02:30 Futzal 379
"Komandamıza hər mövqedə “ağalıq” edə bilən oyunçular cəlb olunub"

Bu gün futzal UEFA Çempionlar Liqasında ilkin mərhələyə start veriləcək.

Sportinfo.az xəbər verir ki, dünən səfərə yollanan ölkə çempionu “Araz-Naxçıvan” Latviyada ilk məşqini reallaşdırıb.

Komandanın kapitanı Emin Kürdov düşərgəsindəki ab-hava ilə bağlı fikirlərini Azərbaycan Futzal Federasiyasının mətbuat xidməti ilə bölüşüb:

“Oyunların keçiriləcəyi Salaspils İdman Sarayı bizə tanışdır. İki il əvvəl də ilkin mərhələnin oyunlarını bu arenada keçirmişdik. Dünən də həmin məkanda məşqimizi etdik. Yoldan gəlməyimizə və yorğun olmağımıza baxmayaraq, baş məşqçinin dediklərini etməyə çalışdıq. Bu gün oyunöncəsi son çalışmamızı reallaşdıracağıq. Təxminən 1 saat davam edəcək. Yəqin ki, taktiki planda son tapşırıqları yerinə yetirəcəyik”.

Kapitan səfəröncəsi Bakıda keçirdikləri yoldaşlıq oyunlarının əhəmiyyətindən də söz açıb:

“Hər iki oyunun bizə çox xeyir oldu. İlk matçda komanda üzvləri arasındakı anlaşılmazlıq sezilirdi. Çünki buna qədər ancaq məşqlər etmişdik, oyun keçirməmişdik. Məşqçilər səhvlərimizi gördü, çatışmazlıqları aşkarladı. İkinci görüş bizim üçün daha yaxşı keçdi. Həmin səhvləri təkrarlamamağa çalışdıq. Baş məşqçinin qeyd etdiyi kimi, oyunlara təxminən 80 faiz hazırıq”.

Təcrübəli qolkiper hər üç görüşə ciddi yanaşmağın vacibliyini qeyd edib:

“Düzdür, etdiyi transferlərə və meydan sahibi olduğuna görə əksəriyyət “Riqa”nı əsas rəqib kimi dəyərləndirir. Onlar Argentina millisinin bir neçə üzvü, eləcə də futzalın “Messisi” hesab olunan Rikardinyo ilə anlaşıblar. Amma Almaniya çempionunu da yaddan çıxarmaq olmaz. Bildiyim qədər heyətlərinə 6 braziliyalı futzalçı cəlb ediblər. Onlarla da oyun asan olmayacaq. Ümumiyyətlə hər 3 matçda qazanılacaq nəticə bir-birindən əhəmiyyətlidir”.

Kürdov “Araz-Naxçıvan”ın da Çempionlar Liqasının oyunlarına yaxşı hazırlaşdığını qeyd edib:

“Təlim-məşq toplanışı keçirdik, heyətimizə yeni futzalçılar cəlb olundu. Deyərdim ki, yaxşı komandamız var. Həm fərdi planda seçilən, həm də hər mövqedə “ağalıq” edə bilən oyunçular cəlb olunub. Yeganə problem yoldaşlıq matçlarını az keçirməyimiz və meydanda anlaşmanın zəif olması ilə bağlıdır”.

O, məşqçilər korpusu haqda da danışıb:

“Hazırkı məşqçilər korpusu yenidir. Düzdür, Rayiç vaxtilə Çempionlar Liqasında məşqçi kimi iştirak edib, yaxşı nəticə qazanıb. “Araz-Naxçıvan”la yeni səhifə açacaqlar. Hər kəsə uğurlar arzulayıram. Məqsədimiz növbəti mərhələyə yüksəlmək, “Araz-Naxçıvan”ın əvvəlki nüfuzunu geri qaytarmaq, Azərbaycan futzalına əlavə reytinq xalları qazandırmaqdır. Bakıya qrup lideri kimi qayıtmaq üçün əlimizdən gələni edəcəyik”.

Ökə çempionu bu gün “İstanbul Şişli”, ertəsi gün “Yan Regensburq”, avqustun 26-da isə “Riqa” ilə üz-üzə gələcək.

Xəbər Lenti