"Verilən tapşırıqları tam icra edə bilmədik, bunun da səbəbləri var, açıqlamaq istəmirəm"

20 Avqust 2023 15:40 Futzal 505
"Verilən tapşırıqları tam icra edə bilmədik, bunun da səbəbləri var, açıqlamaq istəmirəm"

Avqustun 23-də UEFA Çempionlar Liqasında mübarizəyə başlayacaq "Araz-Naxçıvan" ayın 21-də Bakı-İstanbul-Riqa reysi ilə yola düşəcək.

Sportinfo.az federasiyanın mətbuat xidmətinə istinadən xəbər verir ki, komanda səfərə qədər məşqlərini gündə bir dəfə olmaqla "Olimpik Star"da reallaşdırıb.

Eyni zamanda, 2 yoxlama oyunu keçirib ki, sparrin-rəqib Tacikistan çempionu “İstiqlol” olub. İlk matçda qələbəni Düşənbə təmsilçisi qazanıbsa (5:2), ertəsi gün keçirilən oyunda çempionumuz (4:1) sevinib.

Komandanın məsul oyunlara nə dərəcədə hazır olub-olmadığını öyrənmək üçün səfəröncəsi “Araz-Naxçıvan”ın baş məşqçisi Vitali Borisovla söhbətləşdik:

"Bir aydan artıqdır ki, hazırlıq keçirik. Komanda 10 gün təlim-məşq toplanışında oldu.

Həmin müddətdə gündə 2 dəfə məşq edirdik, daha çox fiziki çalışmalara üstünlük verirdik. İki yoldaşlıq oyununda hazırlığımızı yoxladıq.

Səhvlərimizi gördük, düzəldilməli istiqamətləri müəyyənləşdirdik. Ümumiləşdirsək, komanda oyunlara 80 faiz hazırdır".

Baş məşqçi yoldaşlıq oyunlarındakı çatışmazlıqlardan da danışıb:

"Mövsümün əvvəlidir, problemlər qaçılmazdır. Demək olar, komandanın bütün üzvlərinə oynamaq imkanı yaratdıq.

Taktiki planda verilən tapşırıqları tam icra edə bilmədik. Bunun da səbəbləri var, açıqlamaq istəmirəm. Amma komandanın fiziki hazırlığı məni qane etdi".

V. Borisov rəqiblərlə bağlı məlumat toplamaqda çətinlik çəkdiklərini gizlətməyib:

“Rəqiblərlə bağlı ətraflı bilgə əldə edə bilməmişik. Amma tam informasiyasız da deyilik.

Transferlər haqda müəyyən qədər məlumatlıyıq. Onları oyunları zamanı görəcəyik".

Bu arada komandanın çalışdırıcısı Özbəkistan millisinin üzvləri - Husniddin Nişonov və Dilşod Rahmatovun "Araz-Naxçıvan"a kömək etməyəcəyini də qeyd edib:

"Onların adlarını sifariq vərəqinə daxil etmədik. Çünki hər iki oyunçuya səfər üçün viza almaq mümkün olmadı.

Vaxt azlığına görə bu cür problemlə üzləşdik. Onlar öz ölkəsinin millisinin heyətində turnirdə iştirak etdiklərinə görə Bakıya gec gəldilər. Nəticədə onlara viza almaq mümkün olmadı".

“Araz-Naxçıvan” UEFA Çempionlar Liqasının ilkin mərhələsində avqustun 23-də “İstanbul Şişli”, erkəti gün “Yan Regensburq”, ayın 26-da isə “Riqa” ilə üz-üzə gələcək.

Əsas mərhələyə 8 qrup qalibi və ən yaxşı göstəriciyə malik 1 komanda (cəmi 9) vəsiqə qazanacaq.

Xəbər Lenti