COP29

“Baku Fire”: 20 yaşlı “cavan”ın gənclərlə qazandığı böyük uğurlar - FOTOLAR

4 İyun 2023 19:00 Futzal 815
“Baku Fire”: 20 yaşlı “cavan”ın gənclərlə qazandığı böyük uğurlar - FOTOLAR

Maraqlı və gərgin mübarizələrlə dolu bir futzal mövsümünü geridə qoyduq.

Sezonun ən yaddaqalan hissəsi, şübhəsiz ki, “Baku Fire” və “Neftçi” arasında keçən çempionatın yarımfinal seriyası və ölkə kubokunun final oyunu oldu.

Uzun müddətdən sonra azarkeşlərin bir futzal oyununda tribunaları doldurduğunu görmək çox sevindirici idi.

Sözsüz ki, bu oyunların maraqlı olmasına səbəb məhz tribunalardakı azarkeşlər idi. Ümid edirik ki, bu tendensiya artaraq davam edəcək.

Oyunların nəticəsinə görə çempionatın yarımfinal seriyasında rəqibi ilə keçirdiyi 3 oyunun 2-də qalib gələn “Neftçi” finalda “Araz”ın rəqibi oldu,

Azərbaycan kubokunun finalında isə rəqibini 5:0 hesabı ilə məğlub edən “Baku Fire” tarixində 2-ci dəfə finala çıxdığı matçdan qalib ayrılaraq, tarixində ilk dəfə ölkə kubokunu qazanmağı bacardı.

“Baku Fire” futzal klubunun artıq ənənəyə çevrilən mövsümsonu tədbiri bu dəfə daha maraqlı, şən və qonaq-qaralı idi.

Yüksək liqada bürünc medallar və qazanılmış ölkə kuboku, həmçinin 1-ci və 2-ci liqalarda çıxış edən “Baku Fire-2” və “Baku Fire-3” komandalarının layiq görüldükləri bürünc medallar, o cümlədən, klubun 20 illik yubileyi ilə əlaqədar hökm sürən bayram ab-havası bu tədbiri əvvəlkilərdən fərqləndirirdi.

Bu arada Azərbaycan futzalında bütün liqalarda təmsil olunan ilk və yeganə klubun “Baku Fire” olmasını qeyd etmək yerinə düşər.

Hər il olduğu kimi, “Baku Fire” rəhbərliyi tərəfindən təşkil edilən mövsümün nəticələrinə həsr olunmuş ənənəvi tədbirdə təsisçilər, məşqçi və köməkçilər, klub inzibatçıları, Yüksək liqa, 1-ci və 2-ci liqada çıxış edən oyunçular, eləcə də, dəvət olunmuş qonaqlar iştirak edirdi.

Tədbiri giriş sözü ilə klubun prezidenti Əziz Vahidov açdı. O, tədbirdə iştirak edən bütün iştirakçıları salamlayaraq məşqçi və oyunçu heyətini təbrik etdi.

Qonaq qismində çıxış edən “Qarabağ”FK-nın baş meneceri Asif Əsgərov, klubun sponsoru olan “Baku City Hospital”ı təmsil edən Cavidan Qorçiyev, “European Football Academy” direktoru Vüsal Mustafayev, daha əvvəl ölkə kubokunu qazanmış “Nabspor”un prezidenti Bəybala Məmmədov və digərləri “Baku Fire” ailəsini qazandıqları uğurlarla təbrik etdilər, eləcə də ölkə futboluna verdikləri əvəzsiz xidməti yüksək qiymətləndirdiklərini bildirərək gələcəkdə uğurların davamını arzuladılar.

Tədbirin sonunda qonaqlara və klubun məsul şəxslərinə 20 illik yubileylə bağlı xüsusi dizaynla hazırlanmış “Baku Fire” formaları hədiyyə edildi.

“Baku Fire” 20 il öncə yaradılıb. Bu müddətdə 23 mükafat əldə eləyiblər.

Klubun yaradılmasının və zaman-zaman üzləşdiyi müəyyən problemləri ortadan qaldırmasının kökündə gənclərə sağlam həyatı sevdirmək məqsədi dayanır.

“Baku Fire” ötən illər ərzində idmana yüzlərlə gənc qazandırıb, onların zərərli vərdişlərdən uzaq olmasına şərait yaradıb. Bu yola çəkilən əziyyət yerdə qalmayıb.

Yeni nəsilin nümayəndələri hazırda da 19 yaşlılardan ibarət Azərbaycan yığmasının əsasını təşkil edir.

Xanoğlan İmanov

Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyinin maliyyə dəstəyi ilə yazılıb.

Digər Xəbərlər
Xəbər Lenti