
«Baş məşqçinin gələcəyi ilə bağlı məsələ hələ gündəmə çıxarılmayıb».
Bu sözləri Sportinfo.az-a açıqlamasında Azərbaycan Futzal Federasiyasının mətbuat xidmətinin rəhbəri Mahal Məmmədov deyib.
Millimiz DÇ-2024-ün əsas mərhələsində çıxışını başa vurub. Komandamız sonuncu turda Polşanın qonağı olub. Görüş meydan sahiblərinin böyükhesablı qələbəsi ilə başa çatıb - 7:2.
Bu nəticədən sonra hər iki kollektivin 9 xalı olsa da, Polşa qrupu ilk pillədə tamamlayıb. Bakıdakı matçda minimal hesabla (3:4) uduzan polyaklar şəxsi oyunlardakı üstünlüyə görə qrup qalibi olub.
Elit-raunda vəsiqəni ötən tur təmin edən Azərbaycan isə qrupu ikinci sırada başa vurub.
Federasiya rəhbərliyi braziliyalı mütəxəssislə bağlı hansı addımı atacaq? M.Məmmədovu dinləyək:
«Onun həm milli, həm də klubla bağladığı müqavilə davam edir. Federasiya rəhbərliyi onun qarşısına konkret məqsəd qoymuşdu – komandanı elit-raunda yüksəltmək.
Tapşırığın öhdəsindən gəldi. Adətən, müqavilənin uzadılıb-uzadılmamasına mayın ortalarında qərar verilir.
Millinin hələlik qarşıda rəsmi və ya yoxlama oyunları yoxdur. Bu müddətdə Alesionun əsas diqqəti «Araz Naxçıvan»da olacaq.
Baş məşqçinin məsələsi hardasa mayın 20-dən sonra aydınlaşacaq».