Azərbaycan yığması üçün HƏLLEDİCİ MƏKAN

28 Yanvar 2023 20:20 Futzal 612
Azərbaycan yığması üçün HƏLLEDİCİ MƏKAN

Futzal üzrə Azərbaycan millisinin 2024-cü il dünya çempionatının əsas mərhələsində Polşa ilə səfər oyununun məkanı müəyyənləşib.

Federasiyadan Sportinfo.az-a verilən məlumata görə, qarşılaşma Koşalin şəhərindəki idman zalında baş tutacaq. Bu, VI qrupun sonuncu görüşü olacaq.

Martın 7-də təşkil olunacaq matçın başlama saatı hələ açıqlanmayıb. Buna qədər Azərbaycan millisi Bakıda Yunanıstanı qəbul edəcək.

Martın 3-də Bakı İdman Sarayında keçiriləcək qarşılaşma saat 20:00-da start götürəcək.

Qeyd edək ki, əsas mərhələdə artıq 2 oyun keçirən Azərbaycan millisi maksimum xalla turnir cədvəlinə başçılıq edir.

Joze Alesio Da Silvanın başçılıq etdiyi kollektiv ötən ilin oktyabrında Bakıda Polşanı 4:3, səfərdə isə Yunanıstanı 7:0 hesabı ilə üstələyib.

Polşa yığması isə 3 oyun keçirib. Yunanıstanı hər iki dueldə yenən polşalılar yeganə məğlubiyyəti Azərbaycandan alıb.

Polşa - Azərbaycan oyunu qrup qalibini müəyyənləşdirmək baxımından əhəmiyyətli hesab olunur. Həmin dueldə Azərbaycan millisinə heç-heçə də sərf edəcək.

Xəbər Lenti