Qış fasiləsinə turnir cədvəlinin zirvəsində yollanan "Araz-Naxçıvan" heyətini gücləndirmək istiqamətində işlər görür.
Son çempion 6 futzalçı ilə anlaşıb.
Yayda Belçikanın “Gent Beşiktaş” klubuna keçən Xətai Bağırov və İsa Atayev yenidən “Araz-Naxçıvan”ın düşərgəsinə dönüb.
Cari mövsümün ilk iki dövrəsini “Neftçi” İK-da keçirən qapıçı Emin Kürdov da bundan sonra Joze Alesio Da Silvanın rəhbərliyi altında çıxış edəcək.
Ötən mövsüm U-19-un formasını geyinən, yayda isə Birinci Liqanın debütantı “Şamaxı”da oynayan Novruz Kazıxanov da “Araz-Naxçıvan”a pənah gətirib.
Milli komandanın üzvü Amadeu son çempionun yeni transferlərindəndir. Braziliyalı Nata Felipe De Moraes qışdan sonra təmsilçimizdə “stolb” kimi çıxış edəcək.
“Araz-Naxçıvan” noyabrda Vitao, Vitinyo, Mikael Deon, David Qustavo, Pedro Torres və Sinesio ilə yollarını ayırıb.
Klubun vitse-prezidenti Mahmud Sadıqov Sportinfo.az-a açıqlamasında yeni transfer çalışmaları haqda bunları söyləyib:
Yaydan qalan müəyyən büdcə var idi ki, onu yanvar ayına saxlamışdıq. Hələ onda fikrimiz varıydı ki, komandanı qışda bir qədər də gücləndirək.
Fikrimiz budur ki, heyətin “kötük hissəsi”ni indidən yığaq. Əsas üstünlüyü millinin üzvlərinə vermişik.
Bilirsiz ki, martda milli Avropa çempionatında iki vacib oyuna çıxacaq. Biz də həmin oyunçuları bir yerə yığdıq ki, ovaxtadək Joze Alesio da Silvanın gözünün qabağında olsun, onun yanında məşq eləsin.
Yayda 8 legioner gətirmişdik. Braziliyalılar komandamızın oyun stilinə vaxtında uyğunlaşa bilmədi.
Oktyabrda Çempionlar Liqasının təsnifat mərhələsində 3 məğlubiyyət alıb, qrupda qalmağımızın bir səbəbi də bu idi.
Gələn mövsüm Çempionlar Liqasının oyunları avqustda başlayacaq. Qərara gəıldik ki, beş-altı ay vaxtımız var, qoy, bunlar bir yerdə olsun, işimiz asanlaşsın, Alesionun tapşırıqlarını mənimsəsinlər”.

