"Baş məşqçinin seçiminə qarışmadıq, gətirdiyi legionerlər də etimadımızı doğrultmadı"

27 Noyabr 2022 17:40 Futzal 565
"Baş məşqçinin seçiminə qarışmadıq, gətirdiyi legionerlər də etimadımızı doğrultmadı"

"Bu mövsüm legioner transferlərində ciddi səhvlərə yol verdik".

"Araz Naxçıvan" futzal klubunun vitse-prezidenti Mahmud Sadıqov Sportinfo.az-a açıqlamasında belə deyib.

Ölkə çempionu bugünlərdə 5 əcnəbi oyunçusu ilə yollarını ayırıb.

Mikael Deon, Vitinyo, Vitao, David Qustavo və Sinesio ilə müqaviləyə qarşılıqlı razılıq əsasında xitam verilib.

Pedro Torres və qapıçı Viktor Uqo Piresin anlaşması qısamüddətli idisə, digərləri ilə kontrakt birillik nəzərdə tutulmuşdu. Onlara müəyyən qədər kompensasiya ödənilib.

Kütləvi ayrılıq Çempionlar Liqasının əsas mərhələsində qeydə alınan fiaskoyla əlaqədardır. Belə ki, V qrupunda mübarizə aparan ölkə çempionu"Erebru"ya (İsveç) 2:5, "Loznika Qrad"a (Serbiya) 1:4 və “Mostar”a (Bosniya və Herseqovina) 2:3 hesabıyla uduzub.

Bu üzdən klub rəhbərliyi baş məşqçi Joze Alesio Da Silvaya “şiddətli töhmət” verib. Həmçinin ona cərimə kəsilib. Braziliyalı çalışdırıcı əməkhaqqının bir hissəsindən məhrum edilib.

Cənubi amerikalı həm millidə, həm də klubda işlədiyindən, federasiya onunla bağlı yekun qərarı ümumi nəticələrə əsasən vermək niyyətindədir.

Qarşıdan millinin 2 oyunu var. Komanda Avropa çempionatının seçmə mərhələsi çərçivəsində martın 3-də Yunanıstanı Bakıda qəbul edəcək.

Beş gün sonra da Polşada həlledici oyun olacaq. Baş məşqçinin “Araz-Naxçıvan”dakı gələcəyi millinin martda qazanacağı nəticələrdən asılıdır.

M.Sadıqov qeyd edib ki, Yüksək Liqada legionerlərə böyük ehtiyac yoxdur:

“Biz burada yerlilərlə də oynaya və çempion ola bilərik. Komandamızda yaxşı oyunçuların sayı çoxdur. İstedadlı gənclərimiz var və ölkə çempionatı onlar üçün özlərini göstərmək üçün vacib turnirdir.

Məqsədimiz dəyişməyib, növbəti mövsümdə yenə Çempionlar Liqasında çıxış etmək iddiasındayıq. Bu dəfə hər şey fərqli olacaq.

Legionerlərin səviyyəsinə xüsusi diqqət yetirəcəyik. “Araz-Naxçıvan“ əvvəlki illərdə də belə edib, düzgün siyasət aparıb.

Baş məşqçinin seçiminə qarışmadıq, onun gətirdiyi legionerlər də Bosniyada etimadımızı doğrultmadı.

Federasiya rəhbərliyi istəyir ki, Azərbaycan çempionu Avropada yaxşı çıxış etsin.

Zaur Axundov bu sahədə mühüm işlər görür və biz də istəyirik ki, federasiyanın etimadını doğruldaq.

Futzalumızın böyük ənənəsi var, Avropada “Araz-Naxçıvan“ı yaxşı tanıyırlar. Üç-dörd legioner gətirək, amma yaxşı olsun, Çempionlar Liqasında final mərhələsinə vəsiqə qazanaq».

Xəbər Lenti