Azərbaycanda baş məşqçi cərimələndi, 5 legioner qovuldu!

18 Noyabr 2022 17:40 Futzal 578
Azərbaycanda baş məşqçi cərimələndi, 5 legioner qovuldu!

Futzal üzrə Azərbaycan çempionu "Araz Naxçıvan" 5 oyunçusu ilə yollarını ayırıb.

Mikael Deon, Vitinyo, Vitao, David Qustavo və Sinesio ilə müqaviləyə qarşılıqlı razılıq əsasında xitam verilib.

Pedro Torres və qapıçı Viktor Uqo Piresin anlaşması qısamüddətli idisə, digərləri ilə kontrakt birillik nəzərdə tutulmuşdu. Onlara müəyyən qədər kompensasiya ödənilib.

Kütləvi ayrılıq Çempionlar Liqasının əsas mərhələsində qeydə alınan fiaskoyla əlaqədardı.

Belə ki, V qrupunda mübarizə aparan ölkə çempionu"Erebru"ya (İsveç) 2:5, "Loznika Qrad"a (Serbiya) 1:4 və “Mostar”a (Bosniya və Herseqovina) 2:3 hesabıyla uduzub.

Bu üzdən klub rəhbərliyi baş məşqçi Joze Alesio Da Silvaya “şiddətli töhmət” verib.

Həmçinin ona cərimə kəsilib. Braziliyalı çalışdırıcı əməkhaqqının bir hissəsindən məhrum edilib.

Cənubi amerikalı həm millidə, həm də klubda işlədiyindən, federasiya onunla bağlı yekun qərarı ümumi nəticələrə əsasən vermək niyyətindədir.

Qarşıdan millinin 2 oyunu var. Komanda Avropa çempionatının seçmə mərhələsi çərçivəsində martın 3-də Yunanıstanı Bakıda qəbul edəcək.

Beş gün sonra da Polşada həlledici oyun olacaq. Baş məşqçinin “Araz-Naxçıvan”dakı gələcəyi millinin martda qazanacağı nəticələrdən asılıdır.

SPORTİNFO.AZ

Xəbər Lenti